XİN: "Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik"
ABŞ dövlət katibi Antoni Blinkenin 2024-cü ilin dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
TNS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində deyilir.
"Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq", - XİN rəsmisi qeyd edib.