Close

Oynaq ağrıları hansı ağır xəstəliyin ilkin əlamətidir?

Bütün dünyada bir çox xəstəlik kimi, artroz (oynaq xəstəlikləri) da xeyli “cavanlaşıb”.

Əvvəllər 60 yaşdan yuxarı insanlarda müçahidə olunan xəstəliyə indi 35-40 yaşdakı şəxslərdə rast gəlinir. Üstəlik, bu xəstəlikdən əziyyət çəkənlərin da sayı artır.

Artrozun yaranmasının xeyli səbəbi var. Bunlar keyfiyyətsiz və zərərli qidalanma, artıq çəki, hərəkətsizlik, travma, eyni zamanda, hormonal pozuntular və sairdir.

Ortoped-travmatoloq Cəfər Nəsirli TNS-ə açıqlamasında deyib ki, artroz oynaqların qığırdaq səthlərinin müxtəlif səbəblərdən zədələnməsi, oynaq boşluğunda mayenin azalması, bitişik sümüklərdə və bağlarda patoloji dəyişikliklərin böyüməsi nəticəsində yaranan xroniki xəstəlikdir: “Artrozun əlamətlərindən biri oynaqlarda olan ağrılardır. Oynaqlardakı qığırdaq toxuması kobudlaşır, nəticədə səthlər bir-birini loru dildə ifadə etsək, “yeyərək” nazikləşməyə başlayır. Həmin proses yeriyərkən, pilləkən çıxarkən daha çox özünü göstərir. Hava dəyişkənliyi zamanı xəstələr ağrıların çoxalmağından şikayətlənir, ona görə də hər ilin yaz və payız aylarında müalicə almaq məsləhət görülür”.

Qeyd edək ki, artroza “iltihabı olmayan revmatizm” də deyilir. Bu xəstəliyin ən böyük “düşmən”lərindən biri duzdur. Artrozdan əziyyət çəkənlərin duzlu qidaların qəbulunu minimuma endirməsi məsləhət görülür.

Ayşən Azadova