Qripə qarşı vaksinasiya başladı - Uşaqlar peyvənd olunmalıdırmı?
Səhiyyə Nazirliyi tərəfindən bu gündən etibarən əhalinin qripə qarşı peyvənd olunmasına başlanılır.
Nazirliyin yaydığı məlumatda bildirilib ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir: “Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən sentyabrın 10-dan vaksinasiyaya başlanılır”.
Məlumatda qeyd olunub ki, respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Qeyd edək ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Hazırda əhali arasında boğaz və baş ağrısı, yüksək temperatur, halsızlıq, şiddətli əzələ ağrıları ilə müşayiət olunan xəstəliklər daha çox yayaılıb. Bu xəstəlikdə burun axıntısı, asqırmaq kimi qrip virusuna məxsus xüsusiyyətlər daha azdır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov TNS-in bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan əlamətlər əsasən, hazırda kəskin respirator virus infeksiyaları, az da olsa, qrip və yeni koronavirus infeksiyaları ilə əlaqədar ola bilər: “Xəstəlik əlamətlərinin səciyyəsinə görə bu infeksiyaları biri-birindən ayırmaq mümkün deyil. Yəni oxşar simptomlarla müraciət edən şəxslərdə qeyd olunan fərqli infeksiyalar təsdiqlənir. Konkret xəstəlik halında bunun hansı infeksiya olduğunu yalnız spesifik müayinələr aşkar edə bilər”.
Məlum olduğu kimi, qrip peyvəndinin qoruma müddəti 6-8 aydır. Qrip virusu hər il mutasiyaya uğrayaraq dəyişdiyi üçün qripə qarşı peyvənd Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq hər il yenidən hazırlanır.
Qrip peyvəndi koronavirus və digər virusların yaratdığı xəstəliklərdən deyil, yalnız qrip viruslarından qoruyur. Mütəxəssislər bildirir ki, koronavirus və digər bu qəbildən olan virusların yaratdığı xəstəliklərlə qrip virusuna eyni vaxtda tutulmaq çox ciddi problemlər yarada biləcəyindən qripə qarşı peyvənd ağır xəstəlik riskini azaldır.
Bəs uşaqların qripə qarşı peyvənd olunmasına ehtiyac varmı?
Pediatr Vaqif Qarayev TNS-ə açıqlamasında bildirib ki, viruslar müxtəlifdir: “Respirator deyilən böyük bir qrup var, amma onların içərisində ən ağır xəstəlik törədən, yəni qripi törədən qrip virusları var. Yerdə qalanlar nisbətən yüngüldür, ölümcül deyil. Hər virusla xəstələnməyə “qriplə xəstələndi” demək düzgün deyil. Çünki qrip çon dərəcə ağır, milyonların həyatına son qoya bilən, təhlükəli epidemiyalar yaradan virusdur”.
Qripə qarşı peyvəndə gəlincə həkim bildirib ki, qrip virusunun ştammları müxtəlifir: “Bir regionda yayıla biləcək qrip ştammları öyrənilir və konkret o ştama qarşı peyvəndləmə aparılır. Amma bir neçə qrip ştammına qarşı istifadə olunan qrip peyvəndi də var. Bizdə vurulacaq vaksinlərin hansı ştamma qarşı olduğunu bilmirəm, amma yaxşı olar ki, tez-tez xəstələnən uşaqlar peyvənd olunsun”.
Aygün