Close

13:19
23 Aprel 2024

Masallıda meşə yanğını başlayıb, amfibiya təyyarəsi və bir helikopter cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

TNS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi və 1 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.