Close

NATO-dan Qarabağdakı insidentlə bağlı AÇIQLAMA

NATO martın 5-də Xankəndi yaxınlığında baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib.

TNS xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina özünün "Twitter" hesabında yazıb.

“Xankəndi yaxınlığında ölümlə nəticələnən insidentlə bağlı xəbərlərdən çox narahatıq. Bu insident həll edilməmiş məsələlərin danışıqlar masası arxasında həllinin vacibliyini nümayiş etdirir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - NATO rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.