Siyavuş Novruzovun bir atımlıq barıtı – Cənab deputatlar, siz kimdən çəkinirsiniz?
Azərbaycan dövləti Naxçıvanın strateji əhəmiyyətini nəzərə alaraq, muxtar respublikaya xüsusi diqqət göstərir. Dövlət başçısı Naxçıvanın sosial-iqtisadi inkişafı üçün lazım olan hər şeyi edir. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir.
Proqramın icrası məqsədilə 2024-cü ildə 249,1 milyon manat vəsait ayrılmışdı. Ancaq Naxçıvan rəhbərliyi bu vəsitdən istifadə edə bilmədiyinə görə, ölkə başçısının müvafiq fərmanları ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə ayrılan vəsait 5 dəfədən çox azaldılıb. Belə ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan vəsaitin həcmi 41 milyon 700 min manata manata endirilib.
Dövlət başçısının bununla bağlı imzaladığı 2-ci fərmandan bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mediaya açıqlamasında Dövlət Proqramında nəzərdə tutulan işlərin əsasən yerinə yetirildiyini, 2025-ci ildən isə proqamın icrasının yeni mərhələdə davam etdiriləcəyini bildirmişdi.
Azərbaycan Prezidentinin imzaladığı fərmanlar, Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifovun və millət vəkillərinin səsləndirdiyi fikirlər göstərdi ki, Dövlət Proqramı icra olunmayıb. Maliyyə naziri deyib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə ayrılan vəsaitin istifadəsi arzuolunmaz səviyyədədir.
Siyavuş Novruzov isə 30 ildir, deputatı olduğu Naxçıvan barədə ilk dəfə cəsarətli çıxış edərək indiyədək proqramın bir bəndinin də yerinə yetirilmədiyini, muxtar respublikada işlərin düzgün qurulmadığını, insanların məcbur olub Naxçıvanı tərk etdiklərini bildirib.
Naxçıvanda niyə belə vəziyyətin yarandığını, Dövlət Proqramının icra edilməməsinin səbəblərini araşdırmaq qərarına gəldik. Bunun üçün Naxçıvan Muxtar Respublikasından Milli Məclisin deputatı seçilən şəxslərə müraciət etdik. Gözlənildiyi kimi, Milli Məclisin deputatları – Ziyafət Əsgərov, Eldar İbrahimov, Vüqar Rəhimzadə bu barədə danışmaq istəməyiblər. Ziyafət Əsgərov telefona cavab versə də, suala cavab verməyib. Eldar İbrahimovun telefonuna isə köməkçisi cavab verib, deputatın iclasda olduğunu, sualı sonra cavablandıracaqlarını deyib. Bundan sonra qeyri-adi heç nə baş verməyib, Eldar İbrahimov iki gün bizim telefon zənglərimizi cavabsız qoyub.
Sonra düşündük ki, bunların içərisində elə ən cəsarətlisi Siyavuş Novruzovdur. Ona görə də deputat Novruzova müraciət etdik. Ancaq təəssüf ki, Siyavuş müəllim də iki gündür, Milli Məclisin iclasından çıxa bilmir. Hörmətli Siyavuş Novruzov, cəsarətiniz çatmayacaqdısa, digər həmkarlarınız kimi susardınız. Açıq deyəcəyik, geri addım atmaq sizə yaraşmadı.
Biz təhlükəli, qorxulu nəsə soruşmuruq. Ölkə başçısının imzaladığı fərmana və hökumət üzvünün səsləndirdiyi fikirlərə münasibət öyrənmək istəyirik. Bu dövlətin başçısı cənab İlham Əliyevdir və ölkə rəhbərinin mövqeyi bəllidir. Cənab deputatlar, anlamadıq, siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən? Əstəğfürullah!
TNS