Close

Natəvan Qədimovanın başı dərddə - Naxçıvanın Mədəniyyət Nazirliyində də yoxlamalara başlanıldı

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində yoxlamalara başlanılıb.

Bu barədə TNS-ə Naxçıvandakı mənbələr məlumat verib.

Məlumata görə, yoxlamaları Bakıdan göndərilən xüsusi qrup aparır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mədəniyyət müəssisələrindəki korrupsiya, büdcədən ayrılmış vəsaitin mənimsənilməsi faktlarını, “ölü can”ları və digər qanun pozuntularını araşdırır.

Mənbəmiz bildirir ki, Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının ən çox qanun pozuntusu olan orqanlarından biridir.

Son vaxtlar mediada və sosial şəbəkələrdə mədəniyyət naziri Natəvan Qədimovanın rüşvət alması, büdcədən mədəniyyət müəssisələri üçün ayrımış vəsaitləri mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin nazirin evində xidmətçi kimi işlədildiyi və əməkhaqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanmışdı.

Bundan başqa, Natəvan Qədimovanın vəzifəsindən sui istifadə edərək qədim maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verdiyi, rüşvət qarşılığında belə nümunələrin İrana satılması prosesində iştirak etdiyi ilə bağlı iddialar da var.

Yoxlamalardan sonra nazir Natəvan Qədimovanın məsuliyyətə cəlb ediləcəyi istisna olunmur.