Close

Vüsal Sevdimalıyev: "Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılıb"

“Dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi Naxçıvan Muxtar Respublikasında da prioritet sahə olmaqla, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün rabitə və yeni texnologiyaların inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir”.

TNS xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, ötən dövrlər ərzində Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, video informasiya, sürətli internet və s. məlumat mübadiləsini həyata keçirməyə imkan verib, muxtar respublikada, ümumilikdə, 229 müasir tipli avtomat telefon stansiyası quraşdırılıb, sakinlərə Nakhinternet provayderi vasitəsilə internetin təmin edilməsi üçün Delta Telekom və Türk Telekom İnternational şirkətləri ilə müqavilələr bağlanılıb.

Onun sözlərinə görə, muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulub, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılıb.

Vüsal Sevdimalıyev deyib ki, nazirlik tərəfindən muxtar respublika üzrə 2020-2022-ci illər ərzində 6878 abonentə sabit şəbəkə telefon xətti çəkilib, 20537 abonent genişzolaqlı internet ilə təmin olunub, nazirliyin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində yeni telekommunikasiya avadanlıqları alınıb, məsul şəxslərin iştirakı ilə rayon mərkəzlərində və kəndlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilib.
Həmçinin, bu müddət ərzində kadr hazırlığı da diqqətdə saxlanılıb, müvafiq peşə təhsilinə malik olmayan 120 nəfərə yaxın rabitə mütəxəssisi peşə kurslarına cəlb olunub və müvafiq sertifikatlarla təmin olunub, nazirliyin aparatında və tabeli qurumlarında çalışan mühəndis proqramçıların zəruri biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə 3-ə yaxın peşəkar kurs təşkil edilib, 17 seminar, 5 vebinar və 2 təlim keçirilib.

“Muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib, bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib, nazirliyin mühəndis-proqramçıları tərəfindən bir sıra dövlət qurumlarının internet səhifələri yenilənərək Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik auditi aparılmaqla “GOV.AZ” domen zonasına köçürülüb, eləcə də e-poçt adresləri ilə də təmin olunub”, - nazir əlavə edib.