Close

21:47
19 Aprel 2024

NDU ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

TNS xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev bildirib ki, universitetdə 1996-cı ildən “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universiteti bu ixtisas üzrə bitirən məzunlardır.

İndiyədək bu ixtisas üzrə 3127 tələbənin məzun olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, hazırda universitetdə “Hüquqşünaslıq” ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla, 514 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və kollegiyanın fəaliyyəti, Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Vəkil olmaq istəyirəm” adlı 1 aylıq yay məktəbi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu məktəbə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbə müraciət edib. Kollegiyanın sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var.

Anar Bağırov muxtar respublikada da bu sahəyə xüsusi diqqət göstərilməsi məqsədilə keçirlən görüşün gələcək əməkdaşlıq üçün bir vasitə olacağını bildirib.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abasov qeyd edib ki, Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.

Sonra tələbələrin sualları cavablandırılıb, ali təhsil ocağı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, imzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir.

Memorandumda Beynəlxlaq münasibətlər və hüquq fakültəsinin tələbələrinin hüquq ixtisası üzrə təcrübəyə cəlb edilməsi, birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların, mühazirələrin və görüşlərin keçirilməsi, Vəkillər Kollegiyasının əməkdaşlarının və vəkillərin NDU-da hüquqşünasların hazırlığı prosesində iştirakını təmin olunması öz əksini tapıb.

Sonda səhnələşdirilmiş məhkəmə müsabiqəsi (Moot Court) olub.

“Hüquqşünaslıq” ixtisası üzrə tələbələrin iştirak etdiyi simulyasiyada cinayət hadisəsi səhnələşdirilib.

Qalib komandaya mükafat və sertifikat təqdim edilib. Həmçinin, qalib komanda ELSA Azərbaycan tərəfindən həyata keçirilən milli məhkəmə müsabiqəsində iştiraka vəsiqə qazanıb.

330443030_904008754245483_2042511433991358146_n

330396715_129067350101847_3094364477510718054_n

330435060_1245844806358905_7576601967662711056_n

330403517_533779185529668_1330667706873892030_n

330552598_1191303961757942_6352127464181045522_n

330401785_735423808081495_5985227730349942277_n