Close

17:34
28 Mart 2024

Anar Bağırov: "Naxçıvanda vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq"

Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində dönüş olacaq, vəkillərin sayı artırılacaq, islahatlar aparılacaq, insanlara yüksək keyfiyyətli hüquqi yardım göstəriləcək. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti bu məqsədlə hazırda Naxçıvanda səfərdədir.

TNS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvanda səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov bildirib.

O qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində sabah və ümumiyyətlə, ilin sonuna kimi hər təqvim ayının 10-da Naxçıvan Muxtar Respublikasında vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyaları keçiriləcək.

Anar Bağırov, həmçinin deyib: “İstəyirik ki, Naxçıvanda mütəmadi olaraq ali məktəblərdə vəkilliyə qəbul aparılsın. Gənc hüquqşünasları vəkilliyə dəvət edəcəyik. Bu baxımdan bizim işimiz Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi ilə əlaqəli olacaq”.

Sabah keçiriləcək konfransla bağlı məlumat verən A.Bağırov tədbirdə vəkillik sahəsində Naxçıvanda və ümumiyyətlə Azərbaycandakı mövcud problemlərin müzakirə olunacağını vurğulayıb.

“Məqsədimiz odur ki, problemlər aradan qalxsın, hər bir vətəndaşın hüquqi yardım hüququ təmin olunsun, nəticə etibarilə keyfiyyətli hüquqi yardım göstərilsin", - Anar Bağırov əlavə edib.

Qeyd edək ki, sabah Naxçıvanda “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçiriləcək.