Close

Anar Əsədli: "Qərb heç bir zaman Azərbaycana demokratiya gətirməyəcək"

Son günlər Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq və bu əməkdaşlıq üzərindən yürüdülən siyasi-diplomatik əlaqələr diqqət mərkəzindədir. Ölkəmizin Aİ ilə əməkdaşlığını şərtləndirən, bu əməkdaşlığı zəruri edən amillər əsasən ittifaqın enerji təhlükəsizliyi ilə əlaqədardır və daha çox iqtisadi məsələləri qapsayır. Bununla belə, əməkdaşlığa dair xaricdə və Azərbaycanda fərqli yanaşmalar sərgilənir. Bəzi dairələr bu əməkdaşlığı qısqanclıqla qarşılayarkən, bəziləri İttifaqı Azərbaycanda demokratik təsisatların bərpasında maraqlı olmaması ilə ittiham edir. 

TNS Qaynarinfo-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı bu və digər sualları Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli cavablandırıb. 

- Anar bəy, necə düşünürsünüz, Avropa İttifaqı ilə Azərbaycan arasında iyulun 18-də imzalanan müqavilə təkcə enerji təminatı ilə bağlıdırmı?

- Ümumiyyətlə, dünya siyasətində bir neçə önəmli məsələ var ki, bunlardan biri və deyərdim ki, ən önəmlilərindən biri enerji təhlükəsizliyidir. Hazırda dünyanın beş ən böyük güc mərkəzi var. Bunlar ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Çin və Rusiyadan ibarətdir. Bu güc mərkəzlərindən üçünün - Çin, Böyük Britaniya və Avropa İttifaqının öz enerji ehtiyatları yoxdur. Ona görə də hələ uzun müddət enerji kartı dünya siyasətində ən önəmli amillərdən biri olaraq qalacaq və belə olan halda Aİ ilə Azərbaycan arasında enerji təhlükəsizliyinə dair strateji tərəfdaşlığı sırf iqtisadi əməkdaşlıq konsepti adlandırmaq sadəlövhlük olar.

Azərbaycan Yüksəliş Partiyası olaraq, hələ ötən il bu diplomatik trafiklə əlaqədar öz mövqeyimizi bildirmişdik, tərəfdaşlığı labüd edən məsələlərə toxunmuşduq. Bu tərəfdaşlığın çox önəmli, eləcə də strateji, siyasi tərəfləri mövcuddur. Bildiyiniz kimi, ölkəmiz gərgin bir regionda yerləşir. Təəssüflər olsun ki, İran və Rusiyadan hər zaman müəyyən risklər mövcuddur. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu günlərdə SSRİ-ni dirildəcəkləri ilə bağlı sərsəmləmələri, İrandan ölkəmizə din pərdəsi altında ekstremizm ixracı və Ermənistan üzərindən bu iki ölkənin hərbi-siyasi həmlələri bu təhdidi bütün çılpaqlığı ilə ortaya qoyur. Bütün bu təhdidlərin fonunda Türkiyə ilə tərəfdaşlıq bizi qoruyur və həmin ölkələri açıq müdaxilələrdən çəkindirir. Bu mənada Aİ ilə strateji tərəfdaşlıq ölkəmiz üçün yeni siyasi qarant deməkdir.

Bundan əlavə, bu tərəfdaşlıq təkcə Azərbaycanın enerji resurslarının Avropaya nəqlindən ibarət deyil. Avropa Komisiyasının prezidenti Ursula fon der Lyayen açıqlamasında bildirdi ki, bu tərəfdaşlıq ittifaqın Mərkəzi Asiyaya açılan qapısıdır. Yəni İttifaq Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzanmaq və bu ölkələrin enerji resurslarını satın almaq niyyətindədir. Bu isə o deməkdir ki, Azərbaycan yaxın gələcəkdə regional gücə çevrilə bilər.

- Sizcə, bunun riskləri varmı? Məlumdur ki, Mərkəzi Asiya ölkələri Rusiyanın nüfuz dairəsindədir.

- Əlbəttə ki, risklər mövcuddur və düşünürəm ki, iqtisadi maraqları təmin etməklə bu riskləri minimallaşdırmaq mümkündür. Baxın, Avropanın ən böyük enerji təminatçısı Rusiyadır və Azərbaycanla Aİ arasında tərəfdaşlıq Rusiya-Ukrayna savaşı fonunda baş verir. Rəsmi Moskva Qərbə, xüsusilə Avropa ölkələrinə qarşı enerji kartından məharətlə istifadə edir. Ukrayna müharibəsi bu prosesi təhlükəli həddə çatdırdı, lakin Qərbin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə bağlı planı Ukrayna müharibəsindən əvvələ aidir. Əslində bu layihə Avropa İttifaqına aid deyil. Xatırlayırsınızsa, ABŞ-da Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İsrail səfirlərinin birgə görüşü keçirilmişdi və görüşün detalları mediaya açıqlanmamışdı. Əmin ola bilərsiniz ki, bu görüş həmin layihə ilə bağlı idi. Yəni bu plan ABŞ-a aidir. ABŞ yaxın tərəfdaşı kimi İttifaqın enerji təhlükəsizliyinin təminatı üçün böyük səy göstərir. Bu baxımdan sözügedən məsələdə Azərbaycan risklərlə baş-başa deyil. Bu tərəfdaşlığın həyata keçməsi üçün ABŞ və Avropa İttifaqı siyasi iradəsini Türkiyə və İsrail isə gücünü ortaya qoyacaq. Düşünürəm ki, riskləri daha da minimallaşdırmaq üçün Rusiya və İranın enerji resurslarının da Azərbaycan üzərindən nəqli mümkün görünür. Bildiyiniz kimi, hər iki ölkə Qərbin sanksiyaları altındadır və hər iki ölkənin enerji ehtiyatlarının satışından asılılığı mövcuddur.

- Bu layihənin gerçəkləşməsi Azərbaycanı regional gücə çevirə bilər dediniz. Regional gücə çevrilməmiz bizə nələr qazandıra bilər?

- Dediyim kimi, bu layihə gerçəkləşsə, Azərbaycanın regional gücə çevrilmə ehtimalı yüksəkdir. Avropa İttifaqı Məkrəzi Asiya ölkələrinə Azərbaycan vasitəsilə girəcək. Azərbaycan, Türkiyə və Türkmənistan arasında uzun müddətdir ki, aparılan danışıqlar da bu layihə çərçivəsindədir. Məsələ ondadır ki, Aİ ilə Mərkəzi Asiya ölkələri bir-birinə yaddırlar və kritik riskləri ehtiva edən bu layihədə qarşılıqlı inama çox böyük ehtiyac var. Azərbaycan bu ehtiyacı ödəyir və İttifaqın Mərkəzi Asiyaya girişindən çox böyük iqtisadi və siyasi qazanclar əldə edəcək. İqtisadi qazanclar ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrinin böyük karbohidrogen ehtiyatları Azərbaycan üzərindən Avropaya daşınacaq və ölkəmiz tranzit xidmətlərinin qarşılığı olaraq yüksək gəlirlər əldə edəcək. Siyasi baxımdan isə bu əməkdaşlıq həmin ölkələri Rusiyanın orbitindən uzaqlaşdıracaq. Bu uzaqlaşma Türk Dövlətləri Birliyinin formalaşmasını daha da sürətləndirəcək və Türk birliyi böyük gücə çevriləcək. Əmin ola bilərsiniz ki, bu birliyin bir sıra məsələlər üzrə həm iqtisadi, həm də siyasi mərkəzi Azərbaycan olacaq.

- Anar bəy, cavablarınızdan belə anlaşılır ki, siyasi partiya lideri və müxalif təmsilçi olsanız da, iqtidarın imza atdığı bu əməkdaşlıqdan məmnunsunuz. Bununla belə, qeyd etmək istərdim ki, bəzi siyasi partiyalar Avropa İttifaqını ittiham edərək, bildirirlər ki, İttifaq Azərbaycanda demokratik təsisatların bərqərar edilməsində maraqlı deyil. Bəzi müxaliffət təmsilçiləri İttifaqın Azərbaycan iqtidarı və Azərbaycan müxalifəti ilə bu mövzuda dialoq aparmamasını təəssüflə qarşılayır.

- Öncəliklə qeyd edim ki, müxalifət olmaq doğru olanları inkar eləmək deyil, hakimiyyətin idarəetmədəki qüsurlarını ortaya çıxarmaqdır. Azərbaycan Yüksəliş Partiyası yanlışları dediyi kimi, doğruları da deməyi bacarır. Qeyd etdiyim kimi, bu əməkdaşlıq iqtisadi və siyasi baxımdan ölkəmizə böyük dividendlər qazandıra bilər və mən hər şeydən öncə vətəndaş olaraq, daha sonra siyasi partiya rəhbəri kimi bunu təqdir edirəm. Demokratik təsisatlarla bağlı dialoqa gəlincə, bu məsələyə mövcud yanaşma sadəlövhlükdür. Avropa "demokratik tələblər"i demokratiyanın qurulmasında maraqlı olmadığı ölkələrin hakimiyyətləri üçün siyasi şantaj alətinə çevirir. Qərb üçün demokratiya Qərb üçündür. İstənilən Şərq ölkəsində islahatların aparılması, inkişafın sürətlənməsi Avropanın maraqlarına uyğun deyil. İstədikləri tək şey xaosdur. Nə demokratiyadır, nə də möhkəm hakimiyyət. Avropa demokratiya istəsəydi, 92-ci ildə Azərbaycanda qurulmuş demokratik hakimiyyətin arxasında durardı.

Demokratiyanı, demokratik cəmiyyəti biz özümüz qurmalıyıq, Qərbdən gözləməli deyilik. Ümumiyyətlə, bu düşüncə tərzi belə bir yanaşma Azərbaycan gəncliyinin,ölkə insanın gələcəyinə böyük bir zərbədir. Bu baxış tərzi beyinlərdəki dəyişimə inamı zəiflədir, tənbəlləşdirir və atılacaq real addımları passivləşdirir. Sadəcə Qərbin demokratik institutlarından, təcrübələrindən faydalanmaq olar. Avropa insan anlayışına yüksək dəyər verir, amma öz sərhədləri içərisində.

Bilirsiniz, hazırda dünyada elə bir kritik vəziyyət yaranıb ki, Qərb üçün Azərbaycana demokratiya ixracı bəlkə də ən az arzuedilən amilldir. Qərb Azərbaycanda demokratik təsisatlarda, demokratik hakimiyyətin qurulmasında niyə maraqlı olsun axı? Demokratik təsisatları olan ölkələrin elmi-texnoloji cəmiyyəti, quruluşu olur. Bu quruluşlar nefti xammal kimi ucuz qiymətə deyil, ən baha qiymətə satır. Təbii ki, bu məsələnin sadə və qeyri-peşəkar tərəfidir, lakin bildirmək istəyirəm ki, Qərb heç bir zaman Azərbaycana demokratiya gətirməyəcək, demokratik təsisatları cəmiyyət, dövlət olaraq özümüz bərqərar etməliyik.

- Anar bəy, Avropa İttifaqı ilə münasibətlər göz önündədir. ABŞ-Azərbaycan münasibətləri ilə bağlı fikirləriniz maraqlı olar. Prezifent İlham Əliyev altı ayın yekunları ilə bağlı iclasda ABŞ-la əlaqələri xüsusi olaraq vurğuladı. Necə düşünürsünüz, rəsmi Vaşinqtonla münasibətlərdə gözdən qaçan məqamlar varmı?

- Hazırkı konyunkturada Brüssel ilə Vaşinqtonu ayrı-ayrı düşünmək olmaz. Hər iki mərkəzin xarici siyasət maraqları demək olar ki, üst-üstə düşür.

Bundan əlavə, daha öncə vurğuladığım kimi, Aİ və Azərbaycan tərəfdaşlığının siyasi sifarişçisi ABŞ-dır. Aİ-nin Azərbaycana və Mərkəzi Asiyaya girişi rəsmi Vaşinqtonun maraqlarının bölgədə təmin olunması deməkdir. Təbii ki, bunlar pərdəarxası məqamlardır, lakin birbaşa həmlələrdə də hərəkətlənməni görmək mümkündür. Məsələn, Co Baydenin Azərbaycana səfir namizədi heç də təsadüfi qərara oxşamır. Bildiyiniz kimi, ABŞ-ın ölkəmizdəki hazırkı səfirinin missiya müddəti başa çatmaq üzrədir və Bayden yeni səfir kimi Mark Libbinin namizədliyini irəli sürüb. Mark Libbi ABŞ-ın Avropa İttifaqındakı ən önəmli diplomatlarından biri olub. Bundan əlavə, M.Libbi böhran vəziyyətinin idarə olunması, hərbi-siyasi problemlərin həlli üzrə böyük mütəxəsis sayılır. Məhz, onun kimi mütəxəssisin ölkəmizə səfir təyin olunması rəsmi Vaşinqtonun Azərbaycanla bağlı strateji maraqlarından xəbər verir.

Hesab edirəm ki, Qərblə yaranmış mövcud əlaqələrdən, eləcə də enerji və tranzit imkanlarımızdan istifadə edərək ölkəmizi Rusiyanın orbitindən əhəmiyyətli dərəcədə uzaqlaşdıra bilərik. Bu imkanlardan düzgün istifadə Azərbaycanın hərbi-siyasi problemlərini birdəfəlik həll edə bilər.