Səyyad Aran: "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ

Milli Məclisin deputatı Səyyad Salahlının (Aran) TNS-ə müsahibəsi.
- YAP-ın qurucularından və təsis qurultayında seçilmiş ilk 51 nəfərlik Siyasi Şurasının üzvlərindən birisiniz. Azərbaycanın ən ağır bir dönəmində ölkəni bu durumdan çıxarmaq üçün Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşmək, aktiv siyasətdə yer almaq heç də asan deyildi. Bu proseslərə necə qoşuldunuz?
- Əvvəla onu deyim ki, bütün imperiyaların sonu qanla bitir. Çox təəssüf ki, bunu bir sıra dövlət və imperiya yönəticiləri anlamadılar, sonda tarixin zibilliyinə qovuşdular. Zibillikdəki əşyalar hansı qiymətdə, mahiyyətdədirsə, imperiyanı davam etdirənlər də o cür aqibətlə üzləşdilər. Amma bunu heç bir imperiya başa düşmədi, o məntiqi anlaya bilmədi. Sovet imperiyası da 80-ci illərin sonlarına yaxın çöküşə başladı. Bunun ilk simptomları görünəndə sovet rəhbərliyi nəyin bahasına olursa olsun, hərəkatı dayandırmaq istədi, müəyyən cəza tədbirləri həyata keçirdi. Bunun ilki Almatı hadisələri oldu, daha sonra Tbilisi, Vilnus, Bakı hadisələri. Anlaya bilmədilər, tarixin təkərini geri çəkməyə çalışdılar. Amma aydın məsələdir ki, tarixin təkəri həmişə irəli hərəkət edir. Ayrı-ayrı ölkələrdə, sözün əsl mənasında, milli azadlıq hərəkatı başladı, xalqların müstəqillik arzuları cücərdi. Millətlər nəyin bahasına olursa olsun, sovet imperiyasının buxovlarından azad olmaq istəyirdi, o cümlədən Azərbaycan xalqı da. Amma dediyim kimi, bunu sakitliklə, həyatın dinamikasına uyğun tövrdə həyata keçirməyə imkan vermədilər. 88-ci ildən artıq Bakıda, əyalətlərdə milli azadlıq hərəkatının ilk rüşeymləri formalaşmağa başladı. Dediyimiz məşhur xalq hərəkatı gündəmə gəldi. Mən o zaman İmişlidə yaşayır və işləyirdim. Bu hadisələrdə iştirak edirdim, amma aktiv şəkildə yox. Bir ziyalı kimi xalqımın, millətimin azad olmasını, suveren hüquqlarının tanınmasını mən də arzulayırdım.
1989-cu ilin yanvar ayının əvvəllərində Lənkəran Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü, əslən İmişlidən olan Vaqif Abışov yanıma gəldi, mənə Xalq Cəbhəsinə üzv olmağı və rayon təşkilatına rəhbərlıik etməyi təklif etdi. O zaman mən orta məktəbdə direktor müavini, rayonda tanınmış müəllim idim. Vaqif Abışov mənim xalq hərəkatına rəğbətimi, azadlıq, Azərbaycanın müstəqil olmasını arzuladığımı öyrənmişdi. Kimdənsə soruşmuşdu, mənim adımı vermişdirlər. İndiyədək adımı kimin dediyini bilmirəm. Bu müsahibə yayılandan sonra bəlkə Vaqif də görər, reaksiya verər, həqiqəti deyər. Ona bu barədə düşünəcəyimi bildirdim. O da bir həftə sonra gələcəyini dedi. Dediyi vaxtda da təkrar gəldi. O, gələnə qədər mən məktəbin direktoru və dərs hissə müdirinə bu barədə danışdım. Mənə “Öz işinlə məşğul ol, tanınmış müəllimsən, savadlı oğlansan, belə dolaşıq işlərə qoşulma”, - dedilər. Gördüm ki, direktor da, dərs hissə müdiri də razı deyillər. O, ikinci dəfə gələndə mədəni şəkildə təklifini qəbul etmədim. O, üçüncü dəfə də gəldi. Mən yenə nəzakətli şəkildə nəzakətli şəkildə imtina etdim.
Sonralar gördüm ki, bir sıra cavanlar - əksəriyyəti müəllimlər idi - Səməd Vurğun parkında yığışırdılar.
1988-ci ildə İmişli Rayon İcra Hakimiyyətinə yeni başçı gəldi - çox parlaq ziyalı, dövlət adamı Zəridə xanım Rüstəmova. O, rayon tarixində əbədi iz buraxdı. Olduqca ədalətli, rüşvətdən uzaq, layiqli kadrları uyğun vəzifələrə yerləşdirməklə rayonda böyük ab-hava yaratdı. Onun haqqında belə deyirdilər: "İmişlidə kommunizm qurur".
Artıq mitinqlər müntəzəm xarakter almışdı. İcra Hakimiyyəti və digər dövlət qurumları hadisələrə münasibət bildirirdilər. O zaman rayon partiya komitəsinin sədri bu mitinqlərə istiqamət verirdi. Mitinqlərin əsas məzmunu erməni vandalizminə, onların Azərbaycana qarşı həyasız torpaq iddiaları və sair məsələlərə münasibət bildirmək idi. Bu tədbirlərə qatılırdım. Zəridə xanım istəyirdi ki, ziyalı kimi mən də bu tədbirlərdə iştirak və çıxış edim.
Yeri gəlmişkən, Zəridə xanım 1990-cı ilin əvvəlində rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə mənim namizədliyimi irəli sürdü. O vaxtkı təhsil naziri Rafiq Feyzullayev idi. Bakıya gəlib onunla görüşdüm, təsdiqimi alıb, rayona qayıtdım. O vaxt hər yerdə mitinqlər gedirdi. Mən həm ziyalı, həm də Təhsil Şöbəsinin müdiri kimi İcra Hakimiyyətinin təşkil etdiyi mitinqlərdə iştirak və çıxış edirdim. Beləliklə, mən də xalq hərəkatına qoşuldum.
Amma rayondakı fəaliyyətim uzun çəkmədi. Yanvarın 8-də Təhsil Şöbəsinin müdiri kimi işə başladımsa da, yanvarın 15-də Zəridə xanım guya öz "ərizəsi" ilə vəzifəsindən ayrıldı. Ondan sonra mənə hücumlar başladı. Guya bu vəzifəyə təyin olunmağım üçün kollektivin rəyi olmalıydı, məni kollektiv seçməliydi. Yeni gələn rəhbərlik məni qəbul etmədi. Müəllimlərin avqust müşavirəsindən əvvəl məni vəzifədən çıxardılar və Bakıya gəldim. Əvvəl "Elm" qəzetində işə işə düzəldim. Sonra qəzetin müavini Ağabəy Əsgərov “Səs” qəzetinə baş redaktor getdi. Məni isə həmin qəzetə birinci müavin kimi dəvət etdi. Orada işləyərəkən, artıq milli hərəkata qoşuldum. Sonra Heydər Əliyevin xəttini müdafiə edən, o zamankı “Əlincə” cəmiyyətində birləşən insanlarla yaxınlaşdım. Cəmiyyətdə sonradan Azərbaycanda tanınan insanlar iştirak edirdi. Murtuz Ələsgərov, Səfiyar Musayev, Arif Rəhimzadə, Ağabəy Əsgərov, Siyavuş Novruzov, Şahlar Əsgərov, Əli Nağıyev, Sirus Təbrizli, Ziya Bünyadov, Fərəməz Maqsudov, Asya Manafova, Vüqar Rəhimzadə, Zakir Qaralov, Hacıbala Abutalıbov, Rizvan Vahabov və başqaları...
Bəzi adlar yadımdan çıxıb. Həmin insanların əməyi danılmazdır. Onlar sonradan YAP-ın yaradıcıları, Azərbaycanın tanınmış ziyalıları oldular. Bu insanların hamısı Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün yorulmadan fəaliyyət göstərirdilər. Hətta Ziya Bünyadov Heydər Əliyev və o zamankı Xalq Cəbhəsinin nümayəndələrinin də təmsil olunduğu Dövlət Şurasının yaradılması təklifini irəli sürdü. Amma bu təklif Xalq Cəbhəsi tərəfindən yaxşı qarşılanmadı. Sonra məlum 20 yanvar hadisələri baş verdi, Xalq Cəbhəsi böyük zərbə aldı, rus-sovet qoşunları xalqın gələcəyə olan inamını sarsıtdı. Fövqəladə vəziyyət elan edildi.
Bir müddət sonra Naxçıvana ardıcıl gediş-gəlişlər başlandı. Naxçıvana ən çox gedənlərdən biri də mən idim. Həm də ona görə ki, oradan yazılar hazırlayırdım. Mənim o zamankı məqalələrimin adları belə idi: “Naxçıvan: ögey övlad?”, “Naxçıvan qış sessiyası ərəfəsində” – burada sessiya əslində imtahan mənasındadır, yəni, pedoqoji termindir. “Günəşli diyarın soyuq günləri” – çünki orada sərt qışa baxmayaraq, isinmək üçün heç bir yanacaq tapılmırdı.
1992-ci il noyabrın 21-də təsis qurultayımız Naxçıvandakı Cəlil Məmmədquluzadə adına Dram Teatrda keçirildi. Naxçıvandan, Bakıdan, Sumqayıtdan, müxtəlif rayonlardan 550 nəfərə yaxın nümayəndə iştirak edirdi. Mil-Muğan-Aran zonasını mən, Zaqatala-Balakən zonasını Nəzir Əhmədov, Cənub zonasını Şirvan Əbilov, Qarabağ zonasını Tofiq Vəliyev, Quba-Qusar zonasını Asya Manafova təmsil edirdik.
Elə bir soyuq idi ki, insanı iliyinə qədər dondururdu. Zalda heç bir qızdırıcı yox idi, işıqsa közərirdi. Hamımız salonda papaqda, paltoda oturmuşduq, bir-birimizə sıxılaraq, bir-birimizdən istilik alırdıq. Heydər Əliyev - o dahi insan səhnənin ortasında qara kostyumda, ağ köynəkdə, qalstukda oturmuşdu. Hər iki tərəfdən yelçəkər vardı. Bəylər Eyyubov bir dəfə cəhd elədi ki, Ulu öndərin çiyninə palto salsın. Əli ilə işarə etdi, Bəylər müəllim geri qayıtdı. Bir dəfə də səhnəni işıqlandıran projektoru yaxına çəkmək istədi ki, heç olmasa, ayaqlarına istilik vursun. Yenə də əli ilə işarə verdi ki, geri qaytarsın. Mütəmadi əllərini ovuşdururdu ki, qan dövranı normal işləsin. O vəziyyətdə 5 saat çıxış etdi, proqramı açıqladı, vəzifələrimizi, necə işləyəcəyimizi bizə başa saldı.
- Soyuq nitqinə yəqin ki, təsir etmədi...
- Qətiyyən, belə bir şey olmadı. Onun xarakteri idi ki, başladığı işi yarımçıq qoymasın. O qədər gözəl və aydın danışırdı ki, biz heyran qalırdıq. Axşam saat 7-də başlayan iclas gecə 12-də qurtardı. Siyasi Şuranın yeni seçilən 51 üzvü Naxçıvan Ali Məclisinə dəvət olundu. Siyasi Şuranın ilk iclası keçirildi və 11 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşdi. Hamımız islanmışdıq, suyun içərisindəydik. Yaş paltarlarımızı stulların başına sərdik ki, heç olmasa, suyu çəkilsin. Siyasi Şuranın iclası hardasa 2 saatadək davam etdi. Gecə saat 3-ə yaxın qaldığımız “Naxçıvan” otelinə və qonaq evinə yollandıq. Orada da otaqlar buz kimi idi.
Amma o qədər sevincli, qürurlu idik ki, heç bir soyuq bizə təsir etmirdi. Hamımızda hədsiz dərəcədə ruh yüksəkliyi vardı, hamımız sevinirdik ki, Yeni Azərbaycan Partiyasını yaradıcıları olduq, böyük bir partiyanın yaranmasında iştirak etdik. Tarixi bir vəzifə yerinə yetirdiyimizi bilirdik.
Yəni, proseslərə belə qoşuldum.
Bizə o vaxt Bakıda təsis konfransını keçirməyə imkan vermədilər, məcbur olub, Naxçıvana getdik.
Ondan əvvəl də kiçik qruplar halında səfərlərimiz olmuşdu. Mən ikinci qrupla getdim - Fikrət İsmayılov, akademik Nadir Seyidov, Məzdək Hüseynovla birlikdə. 1992-ci ilin iyunun 26-da idi. Hələ təsis qurultayımız keçirilməmişdi. Naxçıvana müəyyən yardım aparmışdıq. Şərura, Sədərəyə getdik, yerli sakinlərlə görüşdük, apardıqlarımızı təhvil verdik.
Heydər Əliyevlə bağlı çoxlu maraqlı, yaddaqalan xatirələrim var. Elə həmin günlə bağlı birini söyləmək istəyirəm. Naxçıvanda təyyarədən düşən kimi Ali Məclisə getdik. Orada Heydər Əliyevlə görüşüb, çıxanda “Heydər bəy, mənə Sizdən müsahibə almaq tapşırılıb”, - dedim (o zaman müraciət forması belə idi). Oturduğu stolun siyirməsini çəkdi, qeydlərə baxdı, “hə, var belə bir şey. İşin axırında gələrsən”, - söylədi. “Baş üstə”, - deyib, çıxdım. Axşam saat 17.30-da yenidən Ali Məclisə gəldim. Qəbulda o qədər adam vardı ki...
23 il Ukraynada həbsxanada yatan məşhur dissident Çernovil də orda idi, qızı ilə gəlmişdi. Fikirləşdim ki, saat 6-da iş bitir, adamlar qəbula girir, çıxır. Yaxınlaşdım, uzun illər Ali Məclis sədrinin köməkçisi olmuş Ramizə (Ramiz Məmmədov – Ali Məclisin hazırki deputatı-red.).
Köməkçiyə sadəlöhvcəsinə “mən gəlmişəm e, Heydər bəylə müsahibəm olmalıdır”, - dedim. Cavab verdi ki, siz səhər gələn heyətdə deyildiniz? “Bəli, jurnalistəm, Səyyad Aran. Heydər bəydən müsahibə almalıyam”, - deyə yenə təkrar bildirdim.
O da qeydlərə baxdı, dedi ki, var elə bir şey. Ona “Heydər bəy mənə dedi ki, işin axırında gəlim. İndi də saat 6-ya qalır. Birdən mənim məsuliyyətsiz olduğumu düşünər. Fikirləşər ki, işin axırıdır, bu, hələ gəlib çıxmayıb”, - deyəndə təəccüblə üzümə baxıdı:
- Nə? Nə? Nə dedin?
Təkrar etdim:
- Mənə deyib ki, işin axırında gələrsən. İndi də işin axırıdır, xəbər ver ki, mən gəlmişəm.
Bu sözümdən sonra adam necə güldüsə, heyrətə gəldim. O, özünü saxlaya bilmədi, otaqdan çıxdı. Dəhlizdə sağa burulubg, başqa bir otağa keçdi, orda da gülməyini saxlaya bilməyib, ağzıüstə divana yıxıldı. Bu vaxt bir nəfər ona yaxınlaşdı, “nə var, nəyə gülürsən, dişlərini niyə ağardırsan?” – dedi. “Bu müxbirin özündən soruş, soruş...” - cavabını verib, gülməyinə davam etdi.
Dilxor halda dilləndim:
- Qəribə adamlar vareee... Heydər Əliyev səhər qəbulda mənə dedi ki, işin axırında gəlim. Gəlmişəm, deyirəm, Heydər Əliyevə deyin ki, “Səs” qəzetindən jurnalist gəlib. Saat 17.50-dir. Adım da həm sədrin, həm də köməkçinin dəftərində var. Sonra haqqımda pis düşünər axı...
Həmin adam da əvvəlcə güldü, amma özünü tez ələ aldı.
“Bir dəqiqə yoldaş müxbir”, - deyib qolumdan tutdu. Sən demə, bu da Vasif Talıbov imiş - Heydər Əliyevin o vaxtkı köməkçisi. Məni 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşürdü. Bir nəfərə dedi ki, maşın çağırsınlar. Maşın gəldi, “Sən qonaq evinə get, gecə saat 12-dən sonra arxanca maşın gələcək. Minib gələrsən”. Heyrətlə ona baxıram ki, bu nə danışır? Dedim, axı biz işin axırına danışmışıq. Bildirdi ki, onlar üçün işin axırı gecə saat 12-dən sonradır.
Məəttəl qalmışdım.
Sürücü qapını açıb, gözləyirdi. Axırda “otur da bə”, - deyib, məni maşına itələdi.
Oturdum maşına, getdim qonaq evinə. Deyilən vaxta xeyli vardı. Baxdım, yaxında stadion var, gedib bir az top oynadım. Gördüm, vaxt keçmir. Otağa qayıdıb, uzandım. Yuxu məni aparıb. Birdən səsə oyandım, kimsə “Said, Said” deyə qışqırırdı. Səsindən tanıdım, qonaq evinin müdiri Aleksandr idi. Cavab vermədim, amma gördüm səs yaxınlaşır. İçəri daxil o ldu, “Niyə cavab vermirsən? Səni çağırmıram?” – dedi.
- Mən Said deyiləm, həm də nə olub ki?
- Za toboy priexali
- Kto?
- Ya otkuda znayu? İdi, sam razberis.
Baxdım ki, məni gətirən sürücüdür. Məni görən kimi “gəl da bə”, - dedi. Hara gedəcəyimi soruşdum. “Səni hardan gətirmişəm ora!"
Maşına minib, onunla Ali Məclisə getdik. Ramiz məni görən kimi yenə gülməyə başladı. Baxdım ki, yenə qəbulda xeyli adam var. Bu dəfə də - yəni saat 12-dən sonra icra başçılarını qəbul edirmiş. Təsəvvür edin, O necə işləyirdi? Ona görə Naxçıvanı saxladı. Cəmi 5-6 saat yatırdı. Gecə saat 3-də gedirdi, səhər saat 10 tamamda Ali Məclisin girişində zəhmətkeşləri qəbul edirdi. Qəbulda nazirlər də olurdu. Həm onlara sözünü deyirdi, həm də tapşırırdı ki, gələnlərin problemlərini həll eləsinlər.
O gecə mən qəbula girə bilmədim, saat 3-də dağılışdıq. Dedilər ki, sabah gəlim. Artıq təəccüblənmirdim. Sürücü məni qonaq evinə apardı.
İkinci gün yenə saat 12-dən sonra gedəndə elə həmin mənzərə idi.
Kabinetə daxil olan kimi saatıma baxıb, vaxtı yazdım 02:08. Heydər Əliyev çıraq işığında işləyirdi. Otağında bir çıraq vardı. Köməkçisini çağırdı, “Ramiz, sən də öz çırağını gətir, jurnalistin qarşısında qoy”. O da gətirdi, geniş müsahibə oldu. “Qoşa çırağın işığında və ya 3-ə 8 dəqiqə işləmiş...”
“Səs” qəzetində 2 nömrədə verdik.
Mən sonra daha bir neçə dəfə Naxçıvana gedib-gəldim və 1992-ci il noyabrın 21-də təsis qurultayı keçirildi, Siyasi Şuranın üzvü seçildim. Bakıya dönəndə tapşırıqlarımız aydın idi. Başladıq Heydər Əliyevi və YAP-ı təbliğ eləməyə. YAP-ın yaranmasını dərhal Elmira Əmrahqızı “Azadlıq” radiosunda bəyan etdi. Elmira Axundova isə bu barədə Rusiya mətbuatına məqalə yazdı. Bax, mən proseslərə belə qoşuldum.
- Ulu Öndərin siyasi fəaliyyəti, gözlənilməz qərarları, cəsarətli çıxışları dünya miqyasında müzakirə mövzusu olub. Yəni, onun necə bir lider, dövlət adamı olması dünyada bilinir. Heydər Əliyev həm də bir məktəbdir. Siz bu məktəbdən keçmisiniz, Ulu Öndərin yaxınında olmusunuz. “Bu məktəbdən nə öyrənmisiniz?” sualına düşünmədən verəcəyiniz cavab nədir?
- Hər şey. Böyüyə-kiçiyə, dosta, partiya işinə, əqidə yoldaşlarına münasibət. Həyatda öz yerini tapmaq, öz yerində olmaq, əsl insan kimi necə formalaşmaq, necə danışmaq, insanı necə dinləmək... O, bizə klassik nümunələr göstərirdi. O qədər belə hadisələrin şahidi olmuşuq...
Deməli, 1992-ci il noyabrın artıq 22-dir. Təsis qurultayından sonra YAP-ın Siyasi Şurasının ilk iclası idi. Bizi təbrik elədi, dedi ki, hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Hamı o dəqiqə xəyal qurmağa başladı. O dahi də pauza verib, bizi müşahidə edirdi. Düşünürdük ki, biz sadə adamların, hansı böyük insanlar...
Fikrimiz haralara getdi. Dedi ki, amma əvvəlcə insanlarla işləməyi öyrənmək lazımdır.
“Sən rəhbər şəxsən, bu, o demək deyil ki, hamıya yuxarıdan aşağı baxmalısan. Qəbulunuza adamlar gələcəklər. Onların müxtəlif problemləri olacaq. Bu problemlərin həlli üçün sizə müraciət edəcəklər. Siz rahat, yumşaq kreslolarınızda oturub, onların gəlişini gözləməyin. Dərhal ayağa qalxın, kabinetinizin heç olmasa, ortasına qədər gedin, həmin adamı qarşılayın. Onu yerinə oturdub, dərhal kreslonuza keçməyin, onunla üz-üzə oturun, çay gətizdirin. Əlinizi qəndə atmayın, billur vazadakı ən bahalı şokoladdan birini dişləyib, çay için, onu da çaya dəvət edin. Birinci siz için ki, qarşınızdakı sıxılmasın. Bəlkə o, bir aydır, şokolad yemir...
Gələn adamın nə deyəcəyini əvvəldən bilsəniz də, diqqətlə, səbrlə dinləyin. O bir az geniş danışacaq. Çünki elə bilir ki, ətraflı danışanda mətləbi daha aydın izah edəcək. Onun xahişini, şikayətini həll etmək səlahiyyətiniz, imkanınız xaricində olsa belə, sərt reaksiya verməyin. “Bu, mənim işim deyil”, - deməyin. Onu hörmətlə yola salın, kabinetdən çıxanda qapıya qədər ötürün. Köməkçinizə deyin ki, həmin adamı pilləkənlərdən düşürsün, binanın qarşısında gözləyəni varsa, ona təhvil versin. Sərbəst buraxsanız, birdən pilləkəndə yıxıla bilər.
Yəqin ki, paltarı yaxşı olmayacaq, ayaqqabısında palçıq olacaq. Elə şeylərə baxmayın. Axı, o, vətəndaşdır, səni ümid yeri bilib, yanına gəlib”.
Biz bunları gördük, öyrəndik. Bir insan kimi formalaşdıq. İndi həmin məktəbdən keçmiş insanlardan biri qarşınızdadır. Düzdür, mənim elə də yüksək vəzifəm olmadı.
- Uzun müddət aktiv siyasətlə məşğul olmusunuz. Sonra diplomatik missiyanı həyata keçirmisiniz. Bu səbəbdən partiyadan uzaqlaşmısınız. Bu, çətin olmadı ki?
- Çətin oldu. İlk ayları xüsusilə. Sonra öyrəşdim, o işə vuruldum. Orda da insanlara kömək edirdik. Əslən Qərbi Azərbaycandan olan xeyli insan, dərnək vardı, onlarla əlaqələrimizi yaxşı qurmuşduq, uğurlu əməkdaşlıq edirdik. Eyni zamanda İstanbulda xeyli azərbaycanlı tələbəmiz vardı. Onları çox məhəbbətlə qarşılayırdım. Onlardan Yusif həkim var, indi ABŞ-də işləyir. Hikmət həkim, Fərid həkim Bakıdadırlar. İlahiyyat İnstitutunda işləyən Anar Axundov vardı.
Hazırda NASA-da işləyən Teymur Sadıqov İstanbul Texniki Universitetindən aki məktəbin birincisi kimi məzun oldu, universitetin təşkil etdiyi məzuniyyət mərasimini o açdı. Rektora o söz verdi. Onun çiyninə Azərbaycan bayrağı atdım, hədiyyə verdim.
O, sonra ABŞ-yə getdi. Təsəvvür edin, ABŞ-də CV göndərdiyi 5 universitetin hamısından qəbul gəlmişdi.
Birinci kursu bitirəndə yanıma gəldi, mən komitədə birinci müavin idim. Soruşdum ki, nə işlə məşğulsan? Dedi, kosmosdan o tərəflə. Dedim, kosmosdan o yana nə var ki?
Güldü, dedi: “Çox şey var”.
UNO-ların həqiqətən mövcud olub-olmadığını soruşdum, dedi ki, var.
O, bu dünyanın adamı deyil, həqiqətən göylərdə yaşayır.
Mən istedadlı gənclərə həmişə dəstək verməyi sevirəm, çünki köküm müəllimdir.
- Diplomatik fəaliyyətdən sonra siyasətə qayıtmasanız da, məmur oldunuz. Bu da təbii olaraq, aktiv siyasətlə məşğul olmağa hardasa maneə yaradır. Məmurluqdan sonra yenidən aktiv siyasətə qayıtdınız. Aktiv siyasət, diplomatik missiya, məmurluq. Bunlardan hansı sizə daha doğmadır? Özünüzü harada daha rahat hiss edirsiniz?
- Deputatlıqda. Mənə ən yüksək vəzifə versələr də, işləyə bilmərəm. Çünki müəlliməm, deputat da müəllim kimi məsləhət verəndir, qanunlarda xalqın əleyhinə olan tərəfləri lehinə çevirməyə çalışan şəxsdir. Xalq adamıdır. Mən özümü belə görürəm. 12 il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləməyimin səbəbi həm də Mübariz Qurbanlı kimi təmiz və əxlaqlı adamla birlikdə çalışmağım olub. O qədər səbrli, təmkinli insandır ki...
Bir çox şeyi ondan öyrənmişəm, baxmayaraq, məndən 2 yaş kiçikdir.
Bizim rüşvət deyilən şey ağlımıza gəlməyib. Çünki biz YAP-ın şinelindən çıxmışıq. Amalımız dövlətə, millətə layiq olmaqdır.
- Sizin siyasi, elmi fəaliyyətinizlə yanaşı, yazar tərəfiniz də var. Mətbuatda daim yazılarla çıxış etmisiniz. “Səs” qəzetinin rəhbərliyində olmusunuz, hazırda “Cəmiyyət və din” nəşrinin baş redaktorusunuz. Siz həm də jurnalistsiniz. Maraqlıdır, sizin jurnalistika ilə məşğul olduğunuz dövrlə mətbuatın indiki vəziyyətini müqayisə edirsinizmi? Yaxşı və ya pis istiqamətdə nələr dəyişib? Dəyişən sadəcə, qələmdən klaviaturaya keçiddir, ya başqa yeniliklər də var? Ümumiyyətlə, məbuatımızın indiki durumu sizi qane edirmi?
- Etiraf edim ki, texniki baxımdan çox şey dəyişib. Biz əllə yazırdıq. Əllə şrift yığırdıq. Əllə yazmaq mənə daha doğma gəlir. Klaviatura sünidir məncə. Səsi də yorur adamı.
Reket jurnalistlər vardı, onların sayı ciddi azalıb. Cibinə jurnalist vəsiqəsi qoyan adamın ilk hədəfi müsahibə, açıqlama aldığı şəxsdən necə "bəhrələnmək", şantaj yolu ilə talamaq idi. Biri mənə də rast gəldi. Dedim, get nə istəyirsən, yaz. I çağırış deputat olan vaxtım idi. Üzümü necə bozartdımsa, o gedən getdi.
Xeyli tanınmış imza var. Bir sıra yaxşı qələm sahibləri rəsmi qurumlara getdilər, həmin nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri oldular.
Amma indi peşəkarlar daha çoxdur. Jurnalistikamız nisbətən Avropa ilə ayaqlaşa bilir.
Mən jurnalistlərlə həmişə dost olmuşam. Bir lətifə də qoşublar mənə.
Guya bir qadın mənə zəng edir, səbrsizlik edib, deyirəm:
- Qızılgül sənsən?
- Yox!
- Zəminə sənsən?
- Yox!
- Gülşən sənsən?
- Yox!
- Bəs, kimdir?
- Evə gələndə bilərsən...
YAP-da olanda da jurnalistlər məni çox axtarırdı.
- Elə komitə sədrinin müavini olanda da ən çox axtardığımız məmurlardan idiniz...
- Elə idi. Amma sonra dediklərimi sensasiya xətrinə təhrif etdilər. Son bir il isə ümumiyyətlə, mətbuata çıxmadım. Deputat seçiləndən sonra da heç kimə hələlik açıqlama verməmişəm. İlk müsahibəm sizədir.
- 20 yanvar həftəsindəyik. Rusların 200 ildə başımıza gətirdiyi ən böyük faciələrdən birinin 35-ci ildönümüdür. Siz proseslərin içində olduğunuz üçün həm də o hadisələrin şahidi sayılırsınız. Məlumdur ki, qətliama hətta həyatına olan təhdidlərə baxmayaraq, ən sərt reaksiyanı Ulu Öndərimiz verib. Siz necə xatırlayırsınız? Əslində nə baş vermişdi? Şahidi olduqlarınız hadisələri qələmə alırsınızmı?
- Mənim “Qətl” hekayəm var. Gördüyüm hadisələri yazmışam. Rus imperiyası "yaşadığı" son günlərində belə dinc durmadı, qan tökdü. Azərbaycanda da xalq hərəkatı çox güclü idi. Düzdür, Qazaxıstanda, Gürcüstanda, Litvada da qansız olmadı. Amma ən çox insan bizdə qətlə yetirildi. İmperiya onsuz da çökürdü. Acığını da əsasən, Azərbaycandan çıxmaq istədi. Çünki bizə qarşı bir erməni-rus nifrəti vardı. Burada ermənilərin də rolu az deyildi. Daxildə də bir qarışıqlıq, başıpozuqluq vardı, camaata silah sözü verdilər, gətirmədilər. Sonra dedilər ki, rus ordusu heç nə etməyəcək, avtomatlardakı yalançı güllələrdir. Bu hadisə millətə böyük zərbə oldu. Amma xalqımız milli oyanış baxımından böyük yüksəlişə keçdi. İndiki müvəfəqiyyətlərimizin kökü oradan gəlir. 20 yanvar xalq üçün katarsis rolunu oynadı – yəni içdən təmizlənmə.
Heydər Əliyevə gəlincə, Moskvada ona qarşı sui-qəsd ola bilərdi. Amma onun Rusiyada nüfuzu çox yüksək idi. Digər tərəfdən Qorbaçov Azərbaycana qoşun yeritməklə özünü rəzil duruma saldı, hətta Moskvada rus ziyalılar arasında ona qarşı etiraz edənlər çox idi. Bu baxımdan o, Heydər Əliyevi aradan götürməyə qorxdu. Təbii, Heydər Əliyev gördü ki, orda qalmaq olmaz. Vətən onu çağırır. O da Vətəninə xidmət etməyə gəldi. Biz boş yerə demirik ki, xalq Heydər Əliyevi çağırdı. Heydər Əliyevin yanına nə qədər insan getdi, xalqın istəyini çatdırdı.
4 iyun hadisələri isə Heydər Əliyevin Bakıya gəlişini labüd etdi. Heydər Əliyev gəldi, xalqı xilas etdi. Onu qarşılayan adamların şüarları məhz belə idi: “Heydər bəy, xalqı xilas edin!”
Azərbaycana Heydər Əliyev rəhbərlik etməsəydi, bizim ölkəmizin kökü belə möhkəm olmazdı. Belə güclü, sağlam təməllər üzərində qurula bilməzdi.
-Müsahibə üçün sağ olun.
Gülşən Hacıyeva