“Əsədi hakimiyyətdə bu dövlətlər saxlayır” - MÜSAHİBƏ
![](/upload/files/up4/Xeberler/musahibe/2024/12/beseresed.jpg)
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan TNS-in Suriyada baş verən hadisələrlə bağlı suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
- Suriyadakı son durum necədir?
- Hazırda Suriyada müxalif qüvvələr mövqelərini möhkəmləndirir. Prezident Bəşər Əsəd isə müxalifətə qalib gəlmək üçün silahlı gücünü artırmağa çalışır, bu istiqamətdə İran və digər müttəfiqləri ilə danışıqlar aparır. İran və Rusiya Bəşər Əsədin ölkədə qalmasına, mövqelərini qorumasına çalışır.
- Bəşər Əsədə kömək edən olacaqmı?
- Bəşər Əsədin Suriyada hakimiyyətdə qalmasının əsas günahkarları və səbəbkarları Rusiya ilə İrandır. Çünki məlum “Ərəb baharı” ərəb ölkələrinin bir çoxunda hakimiyyətin dəyişməsi ilə nəticələndi. Əslində bu proses Suriyada da baş verdi. Onda Bəşər Əsəd hakimiyyətdən getməli idi, lakin Rusiya və İranın köməyi ilə Bəşər Əsəd vəzifəsində qaldı. Bu hadisədən sonra Əsəd İran və Rusiya hərbçilərini ölkəyə dəvət etdi. Nəticədə mövqelərini möhkəmləndirdi, nəzarətində olan ərazilərdə güclənməyə başladı.
İndiyə qədər İran və Rusiya Əsəd hakimiyyətinə Suriyanın müəyyən hissəsini nəzarətdə saxlamasına yardım edir.
- İran və Rusiya hansı səbəblərə görə, Bəşər Əsəd hakimiyyətdə qalmasında bu qədər maraqlıdır?
- Səbəb çoxdur. Hər iki ölkənin regionda, o cümlədən də Suriyada maraqları var. İranın Suriyada dini-siyasi məktəbin qorunması, regionda möhkəmlənmək, Xomeyni inqilabi doktrinasının yayılmasında Şam məktəbindən yararlanmaq, Suriyanın cənub hissəsindən İsrailə hücumlar təşkil etmək, Yaxın və Orta Şərqə təsir edə bilmək üçün müqavimət hərəkatları adı altında müxtəlif silahlı təşkilatlar yaratmaq niyyətidir.
Rusiyaya gəldikdə, bu ölkənin Suriyada iki - Tartus və Xmeymim hərbi bazası var. Digər tərəfdən, Suriya vasitəsilə Rusiyanın Aralıq dənizinə çıxışı təmin edilir və Kreml ABŞ-nin olduğu bölgədə öz mövcudluğunu qoruyub saxlamağa çalışır.
Rusiya və İrana Bəşər Əsədin hakimiyyətdə qalması bu baxımdan vacibdir. Əsədin devriləcəyi təqdirdə hər iki dövlət bu imkanlarını itirəcək.
- Bölgədə daha hansı ölkələrin maraqları var?
- Suriya Yaxın Şərqdə və regionda ayrıca götürülmüş bir bölgə deyil. Zəngin neft, qaz ölkəsidir, okeana çıxışı var. Suriya çox həssas bölgədə, yəni İsraillə qonşuluqda yerləşir. Qərb ilə şərti olaraq, Rusiyanın maraqlarının toqquşması Suriyanı da əhatə edir. Suriyada ABŞ, Böyük Britaniya, Fransa və onların müttəfiqlərinin, eləcə də Rusiyanın, İranın və Çinin maraqları var.
- Bəs, Turkiyə?
- Regionun əsas ölkələrindən biri olan Türkiyənin də Suriyaya marağı böyükdür. Suriyada gedən proseslər Türkiyənin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü baxımından önəmlidir. Bundan başqa, Suriyada kompakt şəkildə yaşayan türkmənləri təhlükəsizliyinin təmin olunması Türkiyə üçün vacibdir.
Bir çox dövlətin maraqları Yaxın Şərqdə, o cümlədən Suriyada toqquşmaqdadır. Problem də maraqların çox və bir-birinə zidd olmasındadır.
- Zaman keçdikcə o maraqların qütbləşməsi mümkündürmü?
- Əlbətdə mümkündür, Qərb ilə Türkiyənin və ərəblərin maraqları Suriya üzərində birləşə bilər. Digər tərəfdən, Rusiya, İran və Çinin maraqları indiki şəraitə görə uyğunlaşa bilər. Amma perspektivdə ola bilsin ki, bu maraqlar zədələnsin. Yaxın günlərdə İranın xarici işlər naziri Abbas Araqçi Moskvaya Suriyadakı, o cümlədən Hələbdəki vəziyyəti müzakirə etmək üçün səfər edəcək. Bu məsələ həm də dekabrın 7-də Rusiya, İran, Türkiyə və Qətərin iştirakı ilə müzakirə olunacaq.
Onu qeyd edim ki, Rusiya ilə İranın Suriyaya olan maraqları əvvəlki kimi üst-üstə düşmür. Çünki İran və Rusiya 2015-ci ildə BMT Təhlükəsizlik Şurasında Suriyanın gələcəyi ilə bağlı qətnamənin qəbul edilməsinin lehinə səs verib. 22 və 54 saylı qətnamədə Suriyanın ərazi bütövlüyü və keçid hökumətinin qurulması nəzərdə tutulur. İran isə bu məsələni indiyə qədər dilinə gətirmir. Keçid hökumətin qurulması, həm də Bəşər Əsədin hakimiyyətdən getməsi deməkdir. İran isə Əsədin hakimiyyətdən getməsində maraqlı deyil, çünki onu əvəzləyəcək qüvvə və rəhbər şəxsi yoxdur. İran bütün hesablamaları Bəşər Əsədin üzərində aparıb. Ona görə də bütün gücü ilə onun qalmasına çalışır. Amma Rusiya üçün əsas maraqlı detal bazalarının və regionda maraqlarının qorunmasıdır. Rusiya perspektivdə bu məsələləri təmin etmək üçün Qərblə ortaq məxrəcə gələ bilər. İran isə bu məsələlərdə vəziyyətdən çıxmaq üçün qarşıdurmaya gedə bilər.
Onsuz da Türkiyə ilə Suriya, yəni, prezidentlər Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqların başlaması üçün vasitəçiliyi Rusiya edir. Rusiya ilə Türkiyə arasında Suriya məsələsi ilə bağlı ikitərəfli görüşlər keçirilir. Deməli, Türkiyə və Rusiya İranı bu cür məsələlərdə müəyyən mənada oyundankənar vəziyyətdə qoyub.
Amma bütün bunlar Rusiya-İran müharibəsinə gətirib çıxarmayacaq.
Ayşən Azadova