Close

17:34
28 Mart 2024

"Baydenin rus agenti olması üzə çıxsa..."

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Qüdrət bəy, ruslar Ukraynanın daha bir şəhərini - Severodontski işğal etdi. Bu ərəfədə Bayden Zelenskini ittiham etdi ki, o, ABŞ-ın Rusiyanın Ukraynaya hücum edəcəyi barədə xəbərdarlığını ciddi qəbul etməyib. Nə baş verir?
 
- Müharibə başlayanda açıqlama vermişdim ki, nə zamansa Rusiya arxivləri açılsa və Baydenin rus agenti olması üzə çıxsa gərək heç kim təəccüblənməsin. Bu ehtimal çox böyükdür. 2014-cü ildə Krım və Şərqi Ukrayna işğal olunanda da o vitse-prezident idi. Onu da söyləmişdim ki, Qərb müharibəni dayandırmaq üçün Ukraynanı ciddi ərazi itkilərini qəbul etməyə məcbur edəcək. Qərb liderləri müqavimət göstərdiyi üçün Zelenskiyə çox qəzəblidir. Onların Rusiya və Putin əleyhinə kəskin danışması öz xalqlarını və beynəlxalq ictimaiyyəti aldatmaq üçündür. Hamı görür ki, onların Ukraynaya verdiyi dəstəklə Ukrayna Rusiya hərb maşını qarşısında dayana bilməyəcək. Qərb liderlərinin böyük əksəriyyəti xaraktercə qorxaq və korrupsiyaya bulaşmış adamlardır. Açıq sezilir ki, Rusiyada onlara qarşı kifayət qədər ifşaedici məlumatlar var.
 
Baydenin açıqlaması öz kimliyini gizlətməyə xidmət edir və riyakarlığın böyük nümunəsidir. Bayden demir ki, Zelenski onların xəbərdarlığını ciddi qəbul etsəydi nə etməliydi. Ukrayna onsuz da bütün gücünü səfərbər etmişdi. Bayden isə Ukraynaya hərbi dəstək vermək əvəzinə 2014-cü ildə olduğu kimi Rusiya Ukraynaya hücum etsə onlar döyüşə girməyəcək, yalnız Rusiyaya sanksiyalar tətbiq edəcəkləri barədə danışırdı. Zelenski o zaman yalvarırdı ki, Rusiyanı dayandırmaq üçün müharibə başlamamış sanksiyalar tətbiq edin, yaxud heç olmasa sanksiyaların siyahısını açıqlayın. Siz müharibə olacağından danışırsınız, amma bizə kömək etmirsiniz. Əvəzində investorlar ölkədən qaçır, insanlar iş yerlərini itirir, iqtisadiyyat zəifləyir və s. Amma onlar Rusiyanı dayandırmaq üçün nə Rusiyanın şərtlərini qəbul etdilər, nə də Ukraynaya əhəmiyyətli kömək etdilər. ABŞ və Britaniya nüvə silahını təhvil verməsi qarşılığında Ukraynanın təhlükəsizliyinə zəmanət vermiş ölkələrdir. Hazırda növbəti dəfə Ukrayna torpaqları işğal olunur və bu iki ölkə liderləri qorxularından və ola bilsin həm də başqa iyrənc geosiyasi oyunları səbəbindən susublar. Amma anlamırlar ki, tarixdə rəzil qorxaqlar kimi qalacaqlar.
 
- Belə vəziyyətdə Ukrayna nə edə bilər?
 
- Zelenski təcrübəsizliyindən vaxtında düzgün qərarlar qəbul edib ölkəsini müharibədən yayındıra bilmədi. Hazırda Ukrayna müharibəni uduzur, Zelenskinin itirəcəyi elə bir şey yoxdur. O, satqın Qərb liderlərini ən azından indi tanımağa başlayıb. Zelenski Qərb ölkələrinin xalqlarına birbaşa müraciət etməlidir ki, onlar hökumətlərinə təzyiq etsin. Ukraynanı yalnız xalqın ölüm-dirim savaşına girməsi, yenilməz iradəsi xilas edə bilər. Zelenski və ətrafı pessimist açıqlamalarına son qoymalı, xalqı qələbəyə inandırmalıdır. Yox, özləri qələbəyə inanmırsa, onda təslim olub Rusyanın şərtlərini qəbul etməlidirlər. Müharibənin qanunları bunu tələb edir.