Close

"Əgər bu məqamları nəzərə almadan gəlsələr..." - Xaricdə təhsil alan həmvətənimizlə MÜSAHİBƏ

TNS xaricdə təhsil alan tələbələrimizlə bağlı “Xaricdə tələbəlik” adlı yeni layihəyə başlayır.

Layihənin məqsədi Azərbaycanın sərhədlərindən kənarda ali təhsil almış və ya hazırda tələbə olan gənclərin həyatını, gündəlik qayğılarını, hədəflərini, gələcək planlarını onların öz dilindən eşitmək və ictimaiyyətə çatdırmaqdır.

Bu çərçivədə ilk müsahibimiz Polşada təhsil almış Fərid Quluzadədir.

- Əvvəlcə özünüz haqda məlumat verərdiniz.

- 29 yaşım var, hazırda Polşanın Bialystok şəhərində yaşayıram və burada "Forsage" şirkətində işləyirəm. Bir neçə il öncə də Polşada təhsillə bağlı yaşamışam. O zaman Varşava şəhərində təhsil alırdım.

- Avropa ölkələrində bakalavr, ya da magistr təhsili almaq üçün təxminən nə qədər büdcə lazımdır?

- Əlbəttə, hər hansı ölkədə təhsil alarkən mütləq şəkildə vacib olan məqamlardan biri də maddiyyatdır. Təhsil alacağın ölkənin tələblərindən asılı olaraq, qiymətlər də fərqlidir. Misal üçün Mərkəzi Avropa ölkələrində illik təhsil haqqı ən az 2000 avro məbləğində olur. Maksimum isə 6000-7000 avro lazım ola bilir. Bundan əlavə xərclər də mövcuddur. Adətən, bir çox ölkədə olduğu kimi, Polşada da tələbələr müəyyən xərclərini qarşılamaq üçün dərsdən sonra işləməli olurlar.  Tələbəlik illərində təhsil almaqla bərabər iş təcrübəsi əldə etmək zənnimcə böyük avantajdır. Lakin könül istərdi ki, hər bir tələbə elə öz təhsil aldığı istiqamət üzrə işləsin və zamanı gələndə də peşəkar mütəxəssis olsun.

ferid1

- Avropadakı vəziyyətə bələdsiniz. Sizcə, xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

- Söhbət, tələbə olmaq niyyətində olan hər kəsdən gedirsə, deyə bilərəm ki, tələbə olmaq istəyən şəxs, müəyyən səviyyədə təhsil alacağı ölkənin lokal dilini bilməlidir. Paralel olaraq, bir çox ölkədə ingilis dilini bilmək çox effektiv və zəruridir. Daha sonra əsas tələblərdən biri də dil bilgisini sübut edən dil sertifikatıdır. Amma bununla belə adətən, universitetlər daha çox attestatdakı və ya bakalavr diplomunun əlavəsinədəki qiymətlərə baxaraq qəbul keçirir. Təbii ki, lazım olan dil biliyinin nəticəyə effekti də danılmazdır.

Bəzi hallarda universitet motivasiya məktubu və ya ona bənzər yazılı sənədlər də tələb edə bilər. Bundan əlavə, ola bilər ki, hansısa təhsil müəssisəsi müsahibə tələb etsin. Bu yolla da həmin ali məktəb gələcək tələbəsinin həm ixtisas biliyini, həm də dil biliyini əyani yoxlamış olur. Təbii ki, hər hansı yazılı imtahanın da olması istisna edilmir. Universitetin və fakültənin reytinqinə görə də qaydalar dəyişə bilir.

Polşada tələbə statusu əldə etməyin üstünlükləri çoxdur. İlk növbədə Polşada tələbə olmaq, bu ölkədə müvəqqəti yaşamaq icazəsinə dair sənəd almaq həmin sənədin müddətini uzada bilmək üçün çox önəmlidir. Lakin öz təcrübəmdən deyə bilərəm ki, Polşada yaşamaq icazəsinə müraciət prosesinə maksimum diqqət lazımdır.

Mən özümə güvənərək "təhsil alıram" arqumentinə nə qədər arxayın olsam da, çox güman ki, sənədlərə maksimum diqqəti vermədiyim üçün rədd cavabı almışam. Bu kimi ciddi prosedurlara mütləq məsuliyyətli yanaşmaq lazımdır. Əks halda həm maddi, həm mənəvi, həm də zaman itkisi qaçılmazdır. Polşada hər hansı bir elmi dərəcə əldə etdikdə əlavə bir il yaşama imkanı olur. Təbii ki, bu şans da bayaq haqqında danışdığım prosedursuz keçmir. Maksimum diqqətli olmaq şərtdir.

ferid2

- Hazırda dünyada əsas müzakirə mövzularındam biri Ukrayna-Rusiya savaşıdır. Müharibə səbəbilə bir çox ukraynalı Avropaya və digər ölkələrə üz tutub. Olduğunuz şəhərdə bununla bağlı vəziyyət necədir?

- Hazırda olduğum şəhərdə demək olar ki, ukraynalı qaçqınlar yoxdur. Ukraynadan Avropaya gələnlərin əksəriyyəti, əsasən böyük, daha innovativ və perspektivli Avropa şəhərlərini seçib.

- Vaxtilə Polşada təhsil almış bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

- Hər bir halda hədəf, özgüvən və məsuliyyət əsas amillərdir. Polşaya gəlmək çətin deyil. Amma daha öncədən xaricə gedəcəyinin, başqa bir xalqın qonağı olacağının fərqinə varmaq gərəkdir. Yerli əhalinin dilinə, mədəniyyətinə, qanunlarına və seçimlərinə hörmət şərtdir.

Yaşamaq üçün seçdiyin ölkəni ikinci vətənin kimi qəbul etməlisən ki, o ölkəyə daha tez uyğunlaşa biləsən.

Ona görə də nəinki Polşada, ümumiyyətlə, istənilən xarici ölkədə təhsil almaq və yaşamaq istəyən həmvətənlərimizə tövsiyyə odur ki, ilk növbədə həmin ölkənin haqqında geniş araşdırma aparsınlar. İqlim, sosial mühit, mədəniyyət və bir çox faktorları dəfələrlə diqqətlə nəzərdən keçirsinlər. Əgər bu məqamları nəzərə almadan bura gəlsələr, o zaman ordan baxanda buranı xəyal etdikləri kimi görməyə bilərlər. Sonda bütün həmvətənlərimizə və eləcə də sizə, TNS saytına uğurlar arzu edirəm.

Bünyamin Bünyadzadə

ferid4