Close

22:51
28 Mart 2024

Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək

"Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə Bakı vaxtı iyunun 29-u saat 12:30-da yola düşəcək".

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər:

"Zəvvarların geri dönüşü isə hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq".

Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək:

“Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.