Close

17:34
28 Mart 2024

Şeyxin müavini: "Peşəkar, fırıldaqçı dilənçilər fitrə verilməli gün qapı-qapı gəzirlər"

“Hər bir müsəlman fitrə zəkatını bayram namazınadək ünvanına çatdırmağa çalışmalıdır. Buna da çatdırmasa, zöhr, yəni günorta namazınadək mütləq fitrə pulunu verməlidir.  Birdən istisna hallar ola bilər. Məsələn, yaşadığın məntəqədə yox, başqa kənd, yaxud şəhərdə tanıdığın imkansız, kimsəsiz şəxs, uzaq qohum varsa, ona fitrə pulunu zöhr namazınadək çatdırıb göndərə bilmirsənsə, şam namazınadək, yaxud ertəsi gün də göndərə bilərsən”.
 
TNS xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Ramazan orucluğunun son günündə fitrə zəkatının verilməsi qaydalarından danışan Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev söyləyib.
 
“Digər bir istisna məsələ var ki, ona da insanlar diqqət yetirsin. Peşəkar, fırıldaqçı dilənçilər fitrə verilməli gün qapı-qapı gəzirlər və özlərini yoxsul, imkansız adam kimi təqdim edərək müxtəlif insanların fitrə pullarını yığmaq istəyirlər.  Belə tanımadığımız və əslində ehtiyacı olmayan adamlara fitrə zəkatı vermək olmaz. Kimsə Ramazan bayramı ərəfəsində qapını döyüb kömək istəsə, yaxud desə ki, fitrə pulu yığıram, ona kömək niyyətilə nəsə verə bilərsən. Ancaq bu, artıq fitrə pulu sayılmır. Fitrə zəkatı çıxarmaq vacibdir, amma vacibdən də vacib həmin məbləği, yaxud əşyanı, məhsulu haqq sahibinə, yəni öncədən tanıdığın, gerçəkdən ehtiyac sahibi olan şəxsə çatdırmaqdır”- din xadimi bildirib.
 
Hacı Fuad  “Evə gəlmiş qonaqlar üçün hansı halda fitrə verilir?” sualını da cavablandırıb:
 
“Əgər qonaq evə bayramöncəsi gündə şam namazınadək gəlib gecə qalacaqsa, onun adına da fitrə pulu çıxarılmalıdır… Ailə üzvlərindən hansısa biri evdən uzaqdadırsa, məsələn, hərbi xidmətdədirsə, başqa şəhərdə təhsil alırsa, onlar üçün fitrə zəkatı çıxarılması vacib deyil. Ancaq kimsə istəsə, buna imkanı olsa, çıxarması savab olar... Lakin dediyim kimi, şam namazınadək evə kimsə gəlibsə, saylarından asılı olmayaraq ev sahibinin boynunda haqdır ki, onlardan ötrü də fitrə pulu çıxarsın. Amma qonaq şam azanından öncə çıxıb getsə, onun adına fitrə verilməsinə ehtiyac yoxdur”.