Close

22:51
28 Mart 2024

Şeyxin müavini: “Bu Ramazanda geniş iftar süfrələri aça biləcəyik”

“Biz Ramazanın astanasındayıq. Allah artıq ikinci ildir ki, işğaldan azad edilmiş torpaqların sahibi kimi bu ayı keçirməyi bizə nəsib edir”.

Bunu TNS-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

“Ramazanın fəzilətlərindən biri də odur ki, bu ayda insanlar oruc tutduqları əsnada, həm də iftar süfrələri aça bilsinlər. Bunun böyük savabı, mükafatı var. Çünki iftarı tək açmaq İslamda bəyənilmir. İmkan varsa, dostlarla, ətrafında olanlarla iftarı açmaq lazımdır. Geniş iftar süfrələrinin açılması, kasıblara, imkansızlara, ehtiyacı olanlara pay verilməsi dinimizdə savab əməllərdən sayılır”, - Fuad Nurullayev vurğulayıb.

Onun sözlərinə görə, biz bu il pandemiyanın getdikcə yumşaldığı bir zamanda Ramazan ayına daxil oluruq: “Kütləvi toplaşma qadağaları aradan götürülüb, toylara, hüzr mərasimlərinə icazə verilib, say məhdudiyyəti yoxdur. Yeməkxanalara, restoranlara vaxt məhdudiyyəti qoyulmayıb. Möminlərə də böyük töhvə verilib.  Nazirlər Kabneti yanındakı Opetariv Qərargahın verdiyi qərara görə, məscidlərdə möminlərin ibadət etməsindəki məhdudiyyətlər də aradan qaldırılıb. Yəni, indiyə qədər 50-dək insan məscidlərdə ibadət edə bilirdi. Bu il isə insanlar məscidlərə rahat gedib ibadət edə bilərlər”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini bildirib ki, builki Ramazanda iftar süfrələrini rahat aça biləcəyik.

“İstənilən qədər insan iftar süfrəsini aça bilər, orada iştirak edə bilər. Məscidlərdə istənilən qədər insan ibadətlərdə, Ramazan gecələrində müəyyən namazlarda, dualarda iştirak edə bilər. Bayram namazlarında say məhdudiyyəti yoxdur. Bu, bizə nəsib olan səadət və xoşbəxtlikdir.  Biz Prezidentimiz başda olmaqla, bu işdə əməyi olanlara öz təşəkkürümüzü bildiririk. Dövlətimiz, Vətənimiz, xalqımız üçün dualar edirik. Allah tutduğumuz orucları, qıldığımız namazları qəbul etsin”, - Fuad Nurullayev əlavə edib.