Close

16:10
12 Oktyabr 2024

Yeni mövsüm başlayır - Teatrlar tamaşaçılara nə vəd edir?

Bir çox sahədə olduğu kimi, teatrlarda da mövsümə hazırlıqlar davam edir. Keçən il maraqlı tamaşalar, qastrol səfərləri və qalmaqalları ilə yadda qalan teatrlarımız yeni mövsümdə tamaşaçılara nə vəd edir?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı TNS-ə deyib ki, teatrın kollektivi yeni mövsümə hazırdır: "2024-cü ilin sonuna qədər Akademik Milli Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq. Artıq yaradıcılıq işlərinə başlanılan və Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefist tamaşa olacaq.

Yeni səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır”.

t-azd

Onun sözlərinə görə, yeni mövsümdə premyerası keçiriləcək daha bir səhnə əsəri “Müharibə” olacaq. Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, quruluşçu rəssamı Eldar Nağıyev, bəstəkarı Nigar Süleymanova, rejissor assistenti Könül Kərimovadır.

Akademik Milli Dram Teatrı uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq yeni tamaşanın rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur.

Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazı-dramaturq Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşadır.

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu rəssamı İlham Əsgərov, bəstəkarı Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır”.

Teatrda 2025-ci ilin əvvəlində isə Xalq yazıçıları Elçinin "Baş" romanı, Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanları əsasında eyniadlı tamaşa hazırlanacaq. Hazırda hər iki əsərin səhnələşdirmə prosesi gedir.

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova TNS-ə teatrın yaradıcılıq planlarını açıqlayıb: "Kukla Teatrı özünün yeni – 93-cü mövsümünə dolğun tamaşa planı, eləcə də səfər proqramları, sosial-mədəni aksiyalarla başlayır”.

t-kukla

Teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov isə bildirib ki, ötən mövsüm olduğu kimi, bu mövsümdə də yaradıcı heyət istər tamaşa planına uyğun, istərsə də plandan kənar tamaşalar hazırlayacaq.

Biz ötən mövsüm bir neçə festivala qatıldıq, eləcə də özümüz iki festivala ev sahibliyi etdik.

Bunlardan biri Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı idi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaq idi.

Aprelin 22-dən mayın 2-dək davam edən ənənəvi beynəlxalq festivalın açılışı Ankara və İstanbul şəhərlərində keçirildi.  Son dayanacağı isə Bakı şəhəri oldu. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxışlar etdilər.

Bu mövsümdə də ənənəvi festivalda iştirakımız nəzərdə tutulub. Əməkdaşlıq zənciri daha da genişlənib. Qardaş ölkə kuklaçıları ilə birgə Türk dünyasında məşhur olan “Molla Nəsrəddin lətifələri”nin əsasında komediya, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlər başlayıb.

Teatrımızın qonşu Gürcüstanın teatrları ilə əməkdaşlığına da xüsusi önəm veririk. Azərbaycan və Gürcüstan Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədə əsasən, gürcü rejissorlarla danışıqlar aparılıb. Klassik nağıl nümunələrimizdən birini bu dəfə gürcü rejissor Nikoloz Sabaşvilinin quruluşunda görəcəyik.

Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı ilə də əməkdaşlıq haqqında müqaviləmiz var. Bu mövsüm qəhrəmanlıq, vətənpərvərlik mövzulu müştərək tamaşa planımızı reallaşdıracağıq”.

Qeyd olunub ki, ilin sonunadək cari repertuar planına uyğun olaraq “Bir gün Şamaxı Xanlığında” (müəllif Əliheydər Məmmədov, rejissor Anar Məmmədov), “Nənəmin aş qazanı” (müəllif və rejissor Saida Haqverdiyeva) tamaşalarını, eləcə də plandankənar olaraq dahi Üzeyir Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün “Ordan-burdan” tamaşaları hazırlanacaq: “Plandankənar növbəti tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belarus rejissor-dramaturq Dmitriy Boqoslavskinin “Mən necə səyahətçi oldum” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşadır. Nümunəyə teatrın baş rejissoru A. Məmmədov quruluş verəcək.

Teatrda mövsümü premyera ilə açmaq kimi bir ənənə də var. Teatr təmsilçiləri bu ənənəyə sadiq qalaraq sentyabrın 20-də yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanan tamaşanın premyerası ilə tamaşaçıları qarşısına çıxacaq.

Tamaşaya teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalovdur.

Səhnə əsərində Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edirlər".

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 115-ci mövsüm başlayır. Qurumdan verilən məlumata görə, Musiqili Teatrın ötən mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb. Müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti istər respublikamızda keçirilən tədbirlərdə, istərsə də xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edib: “Bu il də istisna deyil. Bu ay Belarusun Brest şəhərində keçiriləcək 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında “Aysedora” (Zinovıy Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev) tamaşası ilə çıxış edəcəyik. Bundan əlavə, vokal ifaçımız Rauf Babayev də bu ayın 21 və 22-də Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkar Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında oynayacaq, həm də festivalın qala konsertində iştirak edəcək.

t-musiqi

Bu ilin sonunadək Gəncə, Lənkəran və Şəki şəhərlərinə də qastrol səfərlər nəzərdə tutulub".

Könül