Close

O sirdaşımız, həkimimiz, psixoloqumuz, həm də müəllimimizdir...

Kitab oxumaq dadını bilənlər üçün əvəzsiz nemətdir. Yorğun, narahat və ya əsəbi vaxtlarında gözü evin bir tərəfində sakit dayanan kitab rəfinə sataşan kimi hər şeyi unudan insan sayı çoxdur. Kitab ən yaxın dostumuz, sirdaşımız, köməkçimiz ola bilir. Bir şərtlə ki, saysız kitbalar içindən faydalı olanları, bizə sirdaşlıq edə biləcəkləri seçə bilək. 

Kitab sevgisi uşaqlıq illərindən, ətri və maraqlı şəkilləri ilə ovsunlandıqdan sonra başlayır.

Bu sevgini aşılamaq üçün kompleks yanaşmaya ehtiyac var.

İlk növbədə uşaqlar üçün maraqlı kitablar yazılmalıdr. Yazılanlar  bəsit yox, sadə olmalıdır. Uşaqlar üçün yazan yazar müşahidələr aparmalı, onların nəyə maraq göstərdiyini ölçüb-biçməlidir. Kitablar gözəl tərtib olunmalı, maraqlı rəsmlərlə və keyfiyyətli kağızda çap olunmalıdır. Yoxsa, uşaqlar onu əlinə almamış kənara atacaq. Yox, əgər kitabı sevməyə başladısa, artıq onu hər yerdə axtaracaq, tapacaq və oxuyacaq. Bu vərdiş ömür boyu davam edəcək.

Dövrümüzdə kitaba maraq yaratmaq asan olmasa da, mümkünsüz  deyil. 

Texnologiyanın həyatımızda yeri günü-gündən artmağa davam etsə də, çap olunmuş kitablar populyarlığını qoruyub saxlaya bilir, hətta artırır.

Kitab bizə sadəcə öyrətmir, vaxtımızı səmərəli keçirməyə kömək etmir. Onlar sağlamlığımız üçün də faydalıdır.

Bir tədiqiqat aparılır. Məqsəd meditasiya, yoqa və oxumağın tələbələrin stress səviyyələrinə təsirini ölçmək olur. Tədqiqat göstərir ki, 30 dəqiqə oxumaq qan təzyiqini, ürək döyüntüsünü və psixoloji gərginliyi əhəmiyyətli dərəcədə azaldır.

Keçmişdən bu günə qədər dünyada çoxlu əsərlər nəşr olunub və olunur. Elə müəlliflər var ki, onların adı tarixin səhifəsindən silinib gedir. Amma eləsi də var ki, hər dövrdə maraqla oxunur.

Belə kitablardan bir neçəsini xatırlayaq. Çarlz Dikkensin “İki şəhərin hekayəsi” təkcə ingilis dilində 200 milyon tirajla çap olunub.

İngilis yazıçı Con Ronald Ruel Tolkienin “Üzüklərin hökmüdarı” kitabı 150, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri 140, yenə Con Ronald Ruel Tolkienin “Hobbit” kitabı 100, Aqata Kristinin “On kiçik zənci” əsəri 100, Cao Xueqin “Qırmızı köşkün yuxusu” 100, C.S.Lyuisin “Aslan, cadugər və qarderob” kitabı 85, H.Rider Haqqardın “Aişə”si 83, Dan Braunun “Da Vinçi şifrəsi” kitabı 80, Napoleon Hillin “Düşün və varlan” kitabı 70 milyon tirajla nəşr olunub. Amma o da var ki, populyarlıqla faydalılıq heç də hər zaman üst-üstə düşmür.

Milyonlara insana müraciət edən, onların düşüncə və baxışlarında dəyişklik yaradan bir prosesə xidmət etmək, yəni yazmaq asan olmadığı qədər, həm də məsuliyyətlidir. Ölkəmizdə də bütün zamanlarda sevilən, faydalanılan əsərlər az deyil.

Bir reallıq da var ki, müasir dövr yazmaqla yanaşı, yazılanın təbliğ olunmasını da vacib edir. Təəssüf ki, sosial medianın və s. verdiyi imkanlar bəzən bizə heç nə qatmayan müəlliflərin reklamını o qədər güclü şəkildə aparır ki, kitabı alırıq, oxumağa çalışırıq və nəticədən, sadəcə məyus oluruq. Yəni, kitab bizə heç nə verə bilmir. Əksinə vaxtımızı və pulumuzu aparır. Doğru müəllifi tapmaq vacibdir.

Hər birimiz bu vacib prosesdə iştirakçıya çevrilə bilərik. Məsələn, belə gözəl kitab günlərində, bayramlarda oxuyub faydasını gördüyümüz, haqqında yaxşı fikirdə olduğumuz bir kitabı sevdiyimiz insanlara hədiyyə edərək...

Aygün