Close

Anar: "Britaniya kraliçası II Yelizaveta öləndən sonra İngiltərənin kralı olmaq istərdim"

"Onlar əvvəldən bir neçə dəfə bəyan etmişdilər ki, sədr olmaq istəyirlər. Bu, AYB üzü olan hər bir kəsin haqqıdır. Nəsə yazıb-yazmayıb, tanınır-tanınmır kimi halları müzakirə edib, onları pərt etmək istəmirəm. Çünki hamı-hamını gözəl tanıyır. Ona görə onlar haqqında heç bir xoşagəlməz söz söyləməyəcəm. Amma bunların bir qaydası, proseduru var, sən namizədliyini vermək istəyirsənsə, gərək rəsmi şəkildə çıxışa yazılmalı idin. Kağız təqdim edərdin ki, mən çıxış etmək istəyirəm. Mən isə təkid edərdim ki, ona söz versinlər".

TNS xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar teleqraf.com-a müsahibəsində "Qurultayda bir sıra hadisələr də baş verdi. Gənclərin namizədlə çıxış etmək istəyi, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyinin qeydə alınıb səsə qoyulmaması və sair. Bu haqda fikriniz necədir?" sualını cavablandırarkən deyib.

"Bilmirəm, deyəsən, onlar ikisi birdən sədr olmaq istəyirdilər, vəzifəni aralarında necə bölüşəcəkdilər, onu da bilmirəm. Onlar bunu təklif edə bilərdilər və səsvermədə seçilərdilərsə, ilk mən onları təbrik edərdim. Sadaladıqlarımın heç biri olmadı. Xalq yazıçısı Elçin Əfəndiyev qurultaydakı çıxşında dedi ki, təklif edirəm, müzakirələr bitsin, Anarın namizədliyi irəli sürüldü və səsvermə keçirildi. Bununla qurultayın işi tamamlandı. Bundan sonra iki nəfər yerdən qışqırdı, səs-küy saldı, qalmaqal yaratdı. Qalmaqalla iş bitmir. Demokratiyadan söhbət gedirsə, qurultay bütün demokratik qaydalara riayət edərək keçirildi. Namizəd irəli sürüldü, səsvermə keçirildi və sədr seçildi", - Anar bildirib.

 Anar "Qurultaydan sonra gənc yazarlarla görüşəcəyinizi qeyd etmişdiniz. Onlarla görüşdünüzmü?" sualını belə cavablandırıb:

"Bəli, qurultayda qeyd etdim ki, sizinlə ədavət etmək istəmirəm, siz oğlum da yox, nəvəm yerindəsiniz. Əgər təklifləriniz varsa, “Mən sədr olmaq istəyirəm” yox, “Mən sədr olsam, nələri edə bilərəm?” istiqamətində təklifləriz varsa, buyurun gəlin, qapım üzünüzə həmişə açıqdır.

Təklifləriniz məntiqlidirsə, qəbul edərəm, əks halda başa salaram ki, müəyyən səbəblərə görə bu, mümkün deyil. Yaxud elə bir razılığa gələrik ki, bir təklifiniz qəbul olunar, başqa təklifiniz yox. Normal münasibətlərimiz və danışıqlarımız olar. Amma “Mən mütləq sədr olmaq istəyirəm” kimi iddia yox... Mən də Britaniya kraliçası II Yelizaveta öləndən sonra İngiltərənin kralı olmaq istərdim. Bu, mümkün deyil ki... Adamın istəməyi azdır, gərək səni başqaları da istəsin".