Close

17:10
30 Noyabr 2024

Süd, yağ, pendir bahalaşdı – Qiymət artımı nə ilə bağlıdır?

Bölgələrdə süd və süd məhsullarının qiymətində artım müşahidə edilir. Bahalaşma nə ilə bağlıdır?

Məsələ ilə bağlı TNS-ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıq sahəsində xərclərin artmasıdır.

O, heyvandarlıq sahəsində xərclərin artmasının əsas səbəblərini açıqlayıb: "Xərclər ona görə artır ki, əvvəlki dövrlərlə müqayisədə sərbəst otlaq sahələrinin həcmi azalıb. İnsanlar müxtəlif təyinata görə, əkinçilik , tərəvəzçilik, şəxsi ev və s. bu kimi məqsədlərlə daha çox əraziləri hasarlayırlar. Bu da heyvandarlıqla məşğul olan şəxslərin məhz həmin sərbəst otlaq sahələrindən istifadə etmək imkanları məhdudlaşdırır. Buna görə də yerli fermerler daha çox bazardan alınan yemlərlə öz heyvanlarını bəsləyirlər. Təbii ki, bu da xərclərin kəskin artımına gətirib çıxarır. Yəni daha çox ot bağlamalarından, kənardan alınan qidalardan və yemlərdən asılı vəziyyətə gəlirlər. Bundan başqa, dərman xərcləri də az deyil. Digər bir məqam isə xaricdən gələn süd məhsullarında da bahalaşmanın müşahidə edilməsidir”.

Xalid Kərimli bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində də ağartı məhsullarının qiyməti artıb: "Son 12 ay ərzində Ümumdünya Ərzaq Təşkilatının elan etdiyi statistikaya görə, ağartı məhsullarının qiyməti 21,4 faiz yüksəlib. Bu, son aylarda daha da sürətlənib. Yəni, dünyadakı yağ, pendir və digər süd məhsullarının bahalaşmasının təbii ki, Azərbaycana da təsiri var. İdxal olunan məhsulların bahalaşması Azərbaycanda süd və  süd məhsullarının qiymətinin artmasına bir növ qapı açır. Ümumiləşdirsək, həm yerli fermerlərin xərclərinin artması, həm də idxal məhsulların bahalaşması süd məhsullarının qiymətini yüksəldir”.

Ayşən Azadova