Close

AZAL-ın birinci vitse-prezidenti qiymət artımının səbəblərindən danışdı və...

"Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, bunun nəticəsində yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Məlumdur ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik".

TNS xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZƏRTAC-a müsahibəsində bildirib.

Samir Rzayev qeyd edib ki, bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.

"AZAL sərnişinlərini düşünərək xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır (Təyyarənin müəyyən vaxtda və ya müddətdə eniş və uçuşu əməliyyatının yerinə yetirilməsi üçün aeroportda reysə ayrılan zaman – red). Çünki uçuşların hansı saatlarda və hansı təyyarə ilə həyata keçirilməsi, hansı təyinat hava limanına enməsi və ya hansı terminala yaxınlaşması da aviabiletin qiymətinə təsir edən amillərdəndir.

Həmçinin aviaşirkətimiz tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərimizə daha sərfəli qiymətlərlə daimi istiqamətlərimizdə səyahət etmək imkanı yaradırıq. 2022-ci ilin sonlarında AZAL promo aksiya keçirdi və nəticədə 9 istiqamətdə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışı çıxartdı. Yəni, sərnişinlər üçün tədricən əlçatanlığı təmin etmək məqsədilə fəal şəkildə həm qısamüddətli, həm də uzunmüddətli tədbirlər həyata keçiririk", - AZAL-ın birinci vitse-prezidenti əlavə edib.