Close

BP: "BTC kəmərinə heç bir zərər dəyməyib"

Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə ixrac əməliyyatları davam etdirilir.

Bunu "APA-Economics"ə "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

“Türkiyədə baş verən zəlzələ nəticəsində kəmərə heç bir zərər dəyməyib. Onun vasitəsilə ixrac əməliyyatları davam edir və neft Ceyhan terminalında olan çənlərə toplanılır. BP-nin Türkiyədəki bütün əməkdaşları da qeydiyyata alınıb və təhlükəsizdir”, - Tamam Bayatlı vurğulayıb.

Onun sözlərinə görə, Ceyhan terminalının tankerlərə neft yüklənilən hissəsində neft sızması aşkarlanması səbəbindən neftin gəmilərə doldurulması müvəqqəti olaraq dayandırılıb.

Tamam Bayatlı onu da əlavə edib ki, sızma artıq aradan qaldırılıb və müvafiq araşdırma və qiymətləndirmə işləri aparılır. Bu işlər bitəndən sonra terminaldan gəmilərin yola salınması bərpa ediləcək. Şöbə müdiri bu prosesin nə zaman bərpa olunacağı vaxtı açıqlamayıb.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.