Close

Bankda əmanəti olanların diqqətinə - Sabahdan...

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Ancaq bu müddət sabah başa çatır.

TNS xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyib.

O qeyd edib ki, bununla yanaşı “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı. Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, o zaman sabahdan əmanətlərə vergi hesablanacaq:

“Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu, yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45.0 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabilliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.