Close

17:10
30 Noyabr 2024

Bəşəriyyət təhlükə qarşısında: baş verənlərin günahkarı onlardır

2025-ci ildə iqlim dəyişikliyinin təsirlərinin daha da artacağı bildirilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, rekord istilər, quraqlıq, sel və digər ekstremal hava şəraiti daha tez-tez müşahidə olunacaq.

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq-alim Ənvər Əliyev mövzu ilə bağlı TNS-in suallarını cavablandırıb.

Onun sözlərinə görə, planet elə nizamlanıb ki, heç nə birdən-birə dəyişmir. İqlim dəyişməsi uzun zaman tələb edən prosesdir, bunun üçün minlərlə il lazımdır.

Şöbə müdiri bildirib ki, iqlimlə bağlı problemləri bəşəriyyət özü yaradır: “Hazırda dünyanın ən böyük səhrası olan Böyük Savannadan vaxtı ilə insanlar keçib, Yaxın Şərqə doğru gəliblər. İndi  isə o səhranın altında Xəzər dənizi böyüklükdə su ehtiyatı var. Mən coğrafiyaçı olaraq dörd milyard yarım illik planetin geologiyasını çox gözəl araşdırmışam, burada o qədər güclü iqlim dəyişikliyi olmayıb. Planetdə iqlim şıltaqlıqları var. Əvvəllər texnologiya çox inkişaf etməmişdi deyə, quraqlığı, yağıntını, təbiətdə baş verən dəyişikliyi yaxından dəqiq izləyə bilmirdik, indi isə belə deyil.

Düşünürəm ki, iqlimlə bağlı problemləri bəşəriyyət özü yaradır. Çünki milyardlarla pullar insanların, xalqların bir-birini məhv etməsinə, hərbə, silaha sərf edilir. Əgər bu qədər pul təbiəti öyrənməyə sərf edilsəydi, o zaman XXI əsrdə planet belə faciə ilə rastlaşmazdı”.

Ənvər Əliyev vurğulayıb ki, bu qədər istedadlı kadrlar və texnologiya varkən, təbiətdə baş verən qanunauyğunsuzluqlar insanların günahıdır: “Beş yüzə qədər alim BMT-yə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, təbiətdə olan dəyişiklikləri, iqlim problemlərini müqəddəs kitablardakı ayələr kimi müqəddəsləşdirmək olmaz, kainatda yüzilliklər ərzində həmişə dəyişikliklər olub.

Meşələrin məhv edilməsi nəticəsində eroziya, torpaq qatının yuyulması kimi problemlər yaranırsa, bu, təbiətin günahı deyil”.

Ayşən Azadova