Arzu Nağıyev: "Baş verəcək hər hansı münaqişə..."
"Ermənistan təkbaşına Azərbaycanla müharibəyə hazırlaşa bilməz və buna cəsarəti çatmaz. Çünki Ermənistanın nə elə bir ordusu, nə də potensialı var".
Bunu TNS-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Ermənistan Avropa və Rusiya ilə bağlı məqsədlərini aydınlaşdıra bilmir: "Avropa İttifaqının, daha doğrusu Fransanın və bu ölkənin təkidi ilə bir sıra dövlətlərin Ermənistanı silahlandırması bütün regiona olan təzyiqi artırmaqdır. Həm Türkiyə məsələsini həll etmək, həm Rusiyanı nüfuzdan salıb, sıxışdırmaq istəyirlər. Bu gün bu proses Gürcüstanda davam etsə də, cəhdlər baş tutmur. Eyni zamanda Azərbaycan öz müstəqil daxili və xarici siyasətini aparır. Həmin dövlətlər Ermənistandan təzyiq vasitəsi kimi istifadə edirlər. Onlar istəyirlər ki, Donald Tramp Prezident kimi fəaliyyətə başlayana qədər status-kvonu saxlasınlar".
Komitə sədri bildirib ki, Azərbaycan bu prosesləri izləyir və təhlil edir: "Bütün bu olanlar dolayısı ilə Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi bəyanatlar göstərir ki, o, sülhün bərqərar olması, kommunikasiyaların açılması üçün addımlar atmaq istəyir. Lakin revanşist qüvvələr və digərləri buna imkan vermir. Paşinyan da bundan istifadə edərək həm Qərb, həm də Rusiya ilə oyun oynayır. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalmaqla qərarlara təsir etmək istəyir, eyni zamanda Asiya İqtisadi Forumunda iştirak edir. Paşinyan bununla həm daxili auditoriyanı sakitləşdirməyə çalışır, həm də öz havadarlarına münasibətlərini sərgiləyir.
Azərbaycan həmişə bu addımların qarşısını almağa hazırdır. Baş verəcək hər hansı bir münaqişə bütün dünyada əks-səda yaradacaq”.