"Bu əsas götürülsə, o zaman Fransa səfiri..."
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması rəsmi Parisin qərəzli mövqeyinin tənqid olunmasından daha çox Fransanın Azərbaycandakı səfirinin ölkəmizin Xarici İşlər Nazirliyinə çağrılmasına adekvat reaksiyadır.
Bunu TNS-ə açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.
Deputat xatırladıb ki, 3 gün öncə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı və ona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı rəsmi Parisin Azərbaycanın sədrliyini hədəf almasına etiraz bildirilmişdi: “Eyni zamanda qeyd olunmuşdu ki, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbə vurur.
Fransanın yaşıl keçid, enerji və iqlim üzrə naziri Agnes Pannier-Runacherin COP29-da iştirakdan imtina etməsinin tənqid olunması, mahiyyət etibarilə səfirin Fransa XİN-ə çağırılması üçün əsas deyil. Leyla Abdullayeva bundan öncə də Fransa mediasına müsahibə və açıqlamalarında bu ölkənin qərəzli mövqeyini tənqid edib. Əgər bu kimi məqamlar səfirin XİN-ə dəvət olunması üçün əsas kimi götürülsəydi, o zaman Fransa səfiri diplomatik fəaliyyətini Azərbaycan XİN-in dəhlizlərində davam etdirməliydi. Çünki elə bir gün yoxdur ki, Fransanın Azərbaycana qarşı apardığı təbliğat-təxribat, qarayaxma, böhtan kampaniyasının hansısa elementi nəzərə çarpmasın”.