Close

Pakistanla yeni müqavilə - Azərbaycanın qazancı nə olacaq?

Azərbaycan və Pakistan arasında investisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib, memorandum imzalanıb.

Pakistanla Azərbaycan arasındakı bu əməkdaşlıq ölkəmizə siyasi və iqtisadi baxımdan nələr qazandıracaq?

Deputat Fazil Mustafa TNS-ə deyib ki, Azərbaycanla Pakistan strateji müttəfiqdir: “44 günlük Vətən müharibəsində gördük ki, birmənalı şəkildə Pakistan Azərbaycana dəstək verdi və biz bunu unutmarıq”.

Deputat qeyd edib ki, Pakistanla Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir və biz qardaş ölkələr sayılırıq: "Dilimiz fərqli olsa da, fikirlərimiz, hədəfimiz bir-birinə yaxındır.

İki ölkənin əməkdaşlığı ilə bağlı imzalanan sənədlərin icrası vacibdir. Bu, hazırda həyata keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Pakistanda xeyli humanitar aksiya keçirib və böyük işlər görülüb. İndi bu cür sənədlərin imzalanması, xüsusilə də iqtisadi və investisiya sahəsində əməkdaşlığın güclənməsi hər iki ölkənin maraqlarına uyğundur. Bu, qarşılıqlı şəkildə hər iki dost ölkəyə böyük imkanlar qazandıracaq. Çünki logistik dəstək baxımından iki ölkənin bir-birinə müəyyən investisiyalar ötürməsi gələcəkdə iqtisadiyyatın inkişafına öz təsirini göstərəcək”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanın onlarla ölkə ilə ikitərəfli, iqtisadi və biznes əlaqələrinin genişləndirilməsinə dair müqaviləsi var: "Pakistanla da belə bir müqavilənin, yaxınlaşmanın olması təbii ki, Azərbaycan üçün pozitivdir. Pakistan vacib ölkələrdən biridir. Amma bu o demək deyil ki, bir tək müqavilələrlə bütün məsələləri həll etmək mümkündür. Qarşılıqlı investisiyaların qoyulması, qarşılıqlı maraq doğura biləcək sahələrin müəyyənləşdirilib, dövlətin və biznesin həmin sahələrə fokuslanması, bunun üçün vergilər, vergi güzəştlərinin tətbiqi kimi məsələlərə də ehtiyac var.

Gələcəkdə yeni logistik yolların önəmini, Pakistanla Azərbaycan arasında çox ciddi və xoş münasibətlərin olduğunu nəzərə alsaq, bu müqavilədən doğan bəzi məqamlara görə Pakistan da orta dəhlizin böyük bir tərəfdaşına çevrilə bilər. Bu da Azərbaycan üçün kifayət qədər uğurlu bir nəticə olar".

Ayşən Azadova