Close

“Arkoz” Holdinqlə bağlı yayılan xəbərlər Talıbovların daha bir sabotajıdır

“Arkoz” Holdinqin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fabrik və zavodlarında yüzlərlə fəhlənin tətil etdiyi ilə bağlı xəbər bir az şişirdilmiş formada təqdim edilib. Doğrudur, belə bir problem olub. Amma bu problem Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi, onun oğlu Rza Talıbovun “Gəmiqaya” Holdinqin ortağı olduğu dövrdə məqsədli şəkildə yaradılan problemdir.

Bunu Musavat.com-a açıqlamasında “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov deyib.

Jurnalist bildirib ki, hələ Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Emin Uçarın rəhbərlik etdiyi şirkətlərə süni əngəllər yaradır, bu müəssisələrin istehsal etdiyi məhsulların satışına mane olurdular. Məqsəd sahibkarı tamamilə müflisləşdirmək idi. Çünki, Emin Uçar Vasif Talıbovun tələbləri ilə razılaşmamış, min bir əziyyətlə qurub yaratdığı şirkətləri onun övladlarına vermək istəməmişdi. Ona görə də Vasif Talıbov Emin Uçara məxsus şirkətlərin fəaliyyətinə əngəllər yaratmışdı. Bugünkü problemlər məhz Vasif Talıbovun dövründən miras qalmış problemlərdir. Bu xəbərin belə şişirdilmiş formada təqdim edilməsi, yüzlərlə fəhlənin guya tətil etdiyi ilə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması Vasif Talıbovun komandasının daha bir sabotajıdır. Məqsəd Vasif Talıbovun dövründə hər şey daha yaxşı idi görüntüsünü yaratmaqdır.

Tural Səfərov deyib ki, “Gəmiqaya” şirkəti ləğv edildikdən, Emin Uçara məxsus olan fabrik və zavodlar “Arkoz” Holdinqin tabeliyinə keçirildikdən sonra bir sıra texniki və sənədləşmə məsələləri ortaya çıxıb. Bizdə olan məlumata görə, əməkhaqlarının gecikdirilməsinin səbəbi məhz budur. Holdinqin istehsal müəssisələrində çalışan işçilərin əməkhaqqı artıq ödənilib.

“Bizdə dəqiq məlumat var ki, “Arkoz Holdinq”ə məxsus şirkətlərin heç birində işçilər tərəfindən rəsmi tətil elan edilməyib. Hal-hazırda fabrik və zavodlarda iş hər zamankı ritminə uyğun şəkildə davam etməkdədir. Görəsən, bu məsələni bu qədər böyütmək, yüzlərlə işçinin tətil etdiyi kimi təqdim etmək kimlərin marağındadır? Əlbəttə ki, Vasif Talıbovun komandasının. Amma heç nəyə nail ola bilməyəcəklər. Naxçıvanda hər şey yaxşı doğru dəyişəcək”, - Tural Səfərov əlavə edib.