Close

Tramp daha bir sadiq tərəfdarına yüksək vəzifə verib

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Keşyap Pateli Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə təklif edib.

TNS xəbər verir ki, bu barədə amerikalı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Qürurla Keşyap “Keş” Patelin FTB-nin növbəti direktoru olacağını elan edirəm. Keş parlaq hüquqşünas, müstəntiq və “Öncə Amerika” mübarizidir, o, öz karyerasını korrupsiyaya qarşı mübarizəyə, ədaləti müdafiə etməyə və Amerika xalqını qorumağa həsr edib. O, “Russia, Russia, Russia Hoax”u ifşa etməkdə mühüm rol oynayıb və həqiqətin, məsuliyyətin və Konstitusiyanın müdafiəçisi kimi çıxış edib”, – respublikaçı qeyd edib.

“Russia, Russia, Russia Hoax” Donald Trampın 2016-cı il seçkilərinə Rusiyanın müdaxiləsi və onun kampaniyasının Moskva ilə əlaqələri barədə araşdırmaları təsvir etdiyi ifadədir. Tramp iddia edirdi ki, bu araşdırmalar siyasi “əcinnə ovu”nun bir hissəsi idi və prokurorluğun təqdim etdiyi sübutlar isə saxta idi.

Tramp FTB-nin yeni direktoru ilə “Amerikada cinayətkarlıq epidemiyasına son qoyacağına, miqrantlardan ibarət cinayətkar qruplaşmaları zərərsizləşdirəcəyinə və ABŞ sərhədindən keçən narkotik və insan alverini dayandıracağına” əminliyini ifadə edib.

44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel “Trampın maksimum sadiq tərəfdarı” hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən “oğurlandığına” əmindir. Trampın məğlubiyyətindən sonra Patel “Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən” məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.

Əvvəllər Patel Ağ evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun vəzifəsini müvəqqəti icra edənin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına başçılıq edib. “Associated Press”ə görə, Konqresin Senatı tərəfindən onun namizədliyi təsdiq edilərsə, Patel büronun işində radikal dəyişikliklər edəcək. Agentlik xatırladır ki, əvvəllər Patel FTB və ABŞ Ədliyyə Nazirliyində təmizləmələrin aparılmasını dəstəkləyib və büronun Vaşinqtondakı qərargahının bağlanmalı və orada “Dərin Dövlət muzeyi”nin təşkil edilməli olduğunu bəyan edib. ABŞ-də “dərin dövlət” dedikdə böyük təsirə malik olduğu düşünülən kölgə bürokratik strukturlar nəzərdə tutulur. “Dərin dövlət” anlayışı XX əsrdə Türkiyədə yaranıb və hərbi qüvvələr, xüsusi xidmət orqanları və bürokratiyanı əhatə edən, demokratik nəzarətdən kənar fəaliyyət göstərən gizli hakimiyyət strukturlarını təsvir etmək üçün istifadə olunub. Bu termin rəsmi qurumları kənarda qoyaraq siyasətə təsir göstərə bilən gizli şəbəkələri ifadə edir. ABŞ-də bu termin XXI əsrin əvvəllərində, xüsusilə Donald Trampın prezidentliyi dövründə siyasi diskursda populyarlaşıb.

Patel FTB direktoru vəzifəsində Kristofer Reyi əvəz edəcək. Rey bu vəzifəyə 2017-ci ildə Trampın ilk prezidentlik müddətində təyin edilmişdi. Büro rəhbərinin səlahiyyət müddəti 10 il təşkil edir, lakin “Associated Press”in qeyd etdiyi kimi, Reyin ehtimal olunan istefası gözlənilməz olmayacaq, çünki Tramp onun işindən çoxdan narazıdır. Respublikaçı dəfələrlə bəyan edib ki, xüsusi xidmət orqanı öz vəzifələrinin öhdəsindən gələ bilmir və onun rəhbərliyi araşdırmaları siyasiləşdirir. Noyabrda “The Washington Post” qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Rey “2025-ci ilin əvvəlindən sonrakı dövr üçün iş qrafikini tərtib edir və istefaya getmək niyyətində olduğuna dair heç bir əlamət göstərmir”.

Xatırladaq ki, daha əvvəl Britaniyanın “The Guardian” qəzeti Trampın ona “sadiq olanlara səxavətlə mükafat verəcəyini, düşmənlərindən isə amansız qisas alacağını gizlətmədiyini” yazmışdı. Belə ki, köşə yazarı Arva Mahdavi Trampın keçmiş tənqidçilərinin birdən-birə onun haqqında “yanıldıqlarını” başa düşdükləri vəziyyəti qeyd edərək bunu “yaltaqlığın qızıl çağı” kimi təsvir etmişdi.