Bu məşhurların fəxri adları əllərindən alındı
Ukrayna Prezidenti Volodimir Zelenski dövlətə xəyanətlə bağlı 34 nəfərin dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb.
TNS xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının mətbuat xidməti məlumat yayıb.
Siyahıya keçmiş məmurlar, xalq deputatları, Ukrayna Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğunun rəhbərləri, incəsənət xadimləri, habelə Rusiyanın siyasi, din və mədəniyyət xadimləri daxil olmaqla 34 nəfər daxil edilib.
Onların hamısı Ukraynanın dövlət mükafatlarından həmişəlik məhrum ediliblər.
On fiziki şəxsə qarşı təkcə mükafatlardan məhrumetmə deyil, həm də aktivlərin bloklanması, lisenziya və icazələrin ləğvi, habelə ticarət əməliyyatlarının tam dayandırılması ilə bağlı maksimum sanksiyalar tətbiq edilib. Onların arasında yeddi nəfər ilk dəfə sanksiyaya məruz qalıb.
Fərmana əsasən, musiqiçilər Nikolay Baskov, Filip Kirkorov, Aleksandr Malinin və bəstəkar İqor Krutoy "Ukraynanın Xalq artisti", Taisiya Povaliy və Ani Lorak isə "Ukraynanın Əməkdar artisti" fəxri adlarından məhrum ediliblər.
Həmçinin sabiq Baş nazir Nikolay Azarov I-III dərəcəli “Xidmətə görə” ordenindən, keçmiş xalq deputatı Viktor Medvedçuk “Şərəf” ordenindən, I-III dərəcəli “Xidmətə görə” ordenindən məhrum edilib.
Siyahıda Ukrayna millisinin və “Zenit”in sabiq üzvü Anatoli Timoşuk da var. O, vətən xaini elan edilənlərin siyahısında yer alıb. Belə ki, müharibə başlayandan sonra veteran futbolçu “Zenit”də məşqçi kimi işləməyə davam edib.