Macarıstanın Baş naziri Avropanın siyasətçilərini kəskin tənqid edib
“Əgər Respublikaçı Donald Tramp ABŞ prezidenti olsa və sülh danışıqları naminə Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü tək daşıya bilməyəcək və o, sülh yolu tutmalı olacaq”.
TNS xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
O xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq:
“Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. Çünki indi onun yeri küncdədir, taburedə oturur, amerikalılar və ruslar isə taxtlarda oturub söhbət edirlər. Əgər ABŞ-da hakimiyyətə sülh tərəfdarı gəlsə, o zaman Avropa müharibə siyasətini davam etdirə bilməyəcək.
Məncə, məsuliyyətsizcəsinə girdiyi, daha doğrusu, Avropa qurumlarının rəhbərlərinin sürüklədiyi bu müharibənin yükünü Avropa tək çəkə bilməyəcək. Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli üçün dinc yolla getsə, o zaman Avropa buna uyğunlaşmalı olacaq”.