Close

19:53
24 Aprel 2024

Rusiyaya ağır zərbə - Ukrayna Krımla bağlı açıqlama yaydı

Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün hücumlarını davam etdirən Rusiya Krımda ağır zərbə alıb.

TNS "Al Jazeera"ya istinadən xəbər verir ki, Ukrayna Rusiyanın Krımda Qara dəniz donanmasına dəmir yolu ilə daşınan çox sayda qanadlı raketini məhv etdiyini açıqlayıb.

Açıqlamada hücumun necə həyata keçirildiyi barədə təfərrüatlar verilməyib.

Rusiya Ukraynaya hücumlarında tez-tez “Kalibr” qanadlı raketlərindən istifadə edir. 2022-ci ilin iyulunda sualtı qayıqdan buraxılan “Kalibr” qanadlı raketi ilə hücum nəticəsində Ukraynanın Vinnitsa şəhərində üçü uşaq olmaqla 23 mülki şəxs həlak olmuşdu. Rusiya isə raketin Ukrayna Hərbi Hava Qüvvələrinin komandirləri ilə Qərb silah tədarükçülərinin nümayəndələrinin görüşünü hədəf aldığını iddia etmişdi.

Mövzu ilə bağlı Rusiyadan ilk açıqlama Krım qubernatorundan gəlib. Krımın Rusiya tərəfindən təyin edilmiş qubernatoru Sergey Aksenov sosial media hesabından verdiyi açıqlamada Rusiyanın da Ukraynanın qanadlı raketlərini məhv etdiyini bildirib. Aksenov əlavə edib ki, hücumdan sonra Cankoyun ətrafında zenit silahlarından atəş açılıb.

Qubernator bildirib ki, hadisə nəticəsində bir nəfər yaralanıb, bir mağaza, eləcə də bir evə ziyan dəyib.(musavat.com)