Close

AYNA taksilərlə bağlı sərnişinlərə müraciət etdi

Taksi fəaliyyəti ilə əlaqədar yeni qaydaların tətbiqindən sonra bu sahədə başqa problemlər ortaya çıxıb.

Belə ki, taksi sifarişi operatorlarının mobil tətbiqindən istifadə edən sərnişinlər onlara təklif olunan avtomobillə göndərilən maşınların eyni olmadığını bildirirlər. Yeni qaydaların tətbiqindən sonra qiymətlərin artdığını deyən taksi istifadəçiləri xidmətin keyfiyyətinin artmamasından şikayətçidir.

Bakı şəhər sakini Bəxtiyar Məmmədov deyir ki, əvvəlkinin az qala ikiqat pulunu ödəyirlər, sistemdə yeni avtomobil göstərilsə də, sınıq-salxaq maşın göndərilir: "Əgər keyfiyyətdə dəyişklik olmayacaqdısa, köhnə maşınlar xidmətdən yığışdırılmayacaqdısa, qiymətlər niyə artdı? Eyni bərbad xidmət üçün niyə artıq pul ödəməliyik?”

TNS mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı qurum tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib.

“Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”, - deyə Tural Orucov qeyd edib.

Ayşən Azadova