Close

Azərbaycanda torpaqların eroziya problemi – Bunlar ona görə baş verir ki...

Dünyada hər il təxminən 75 milyard ton torpaq eroziyaya uğrayır. Bu, hər 5 saniyədə bir futbol meydançası böyüklüyündə torpaq sahəsinin itirilməsi deməkdir.

Torpaq bitkilərin böyüməsi üçün lazım olan qida və suyu təmin edərək ekosistemin əsasını təşkil edir. Belə ki, bir qaşıq sağlam torpaqda dünya əhalisindən daha çox mikroorqanizm var.

Torpaq eyni zamanda karbon saxlama qabiliyyətinə malikdir. Kənd təsərrüfatı məhsullarımızın 95 faizi birbaşa torpaqdan asılıdır.

1 santimetr torpağın əmələ gəlməsi üçün 400-500 il lazımdırsa, sürətli eroziya nəticəsində bu miqdar cəmi 16 ildə itirilir.

Bəs, ölkəmizdə bu sahədə vəziyyət necədir? Torpaqlarımızın eroziyasına hansı amillər səbəb olur?

Mövzu ilə bağlı TNS-ə danışan Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları şöbəsinin rəhbəri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev Azərbaycanda torpaq ehtiyatının eroziyası ilə bağlı mövcud problemlərə toxunub.

O bildirib ki, torpaqların eroziyası və son zamanlarda deqradasiyası, səhralaşması problemləri hazırda çox aktualdır: “Torpaqların deqradasiyasının 75-80 faizi eroziyanın payına düşür. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada eroziya prosesləri baş verməsin. Ölkəmizdə bu problemlə bağlı uzun illər tədqiqat aparılıb. Xüsusilə, son 50 ildə aparılan tədqiqatlar çox dəyərlidir. Bu sahədə tədqiqatçılardan akademik Kazım Ələkbərov, professor Xəlil Mustafayev, Fəzli Hacıyev, Əli İbrahimov və başqalarını göstərmək olar. Eroziya optimal meşə sahələrini çıxmaq şərtilə, bütün ərazilərdə baş verir. Azərbaycanın dağ çəmənlərindən tutmuş, düzənliklərinə qədər. Düzənlik torpaqda baş verən əsasən, irriqasiya-suvarma eroziyasıdır. Təsərrüfatlarda selləmə suvarmadan istifadə olunduğu üçün bu problem yaranıb”.

Alim deyib ki, insanların sayı, təsərrüfat fəaliyyəti artır. Bütün bunlar eroziyanın sürətlənməsinə gətirib çıxarır: “Eroziya prosesinin sürəti relyefdən, torpağın xüsusiyyətindən, insanın təsərrüfat fəaliyyətinin təsir dərəcəsindən asılıdır. Azərbaycan ərazilərinin 65-70 faizə qədəri arid, sem-arid bioiqlim qurşağına düşdüyü üçün eroziya prosesləri baş verir. Düzənliklərdə isə eroziya suvarılma düzgün aparılmadığı üçün olur. Meyilliliyi 3 dərəcədən artıq olan ərazilərdə qayda-qanuna əməl olunmursa, insan düzgün fəaliyyət göstərmirsə, mütləq eroziya baş verir. Xətti eroziya böyük yarğanlar yaradır. Torpağı tamamilə yuyur, relyefi pozur”.

Mütəxəssis bildirib ki, dağətəyi ərazilərdə əkin işləri düzgün aparılmır: “Yamacın eninə deyil, uzununa şumlama işləri aparıldığına görə, yağan yağışlar traktorların açdığı hissələrə düşərək xətti eroziya yaradır. Bu cür ərazilərdə torpağın bütün münbitliyi pozulur. Torpaqda olan qida maddələri yox olur. Torpaqlar yararsız olur. Böyük Qafqazın cənub-şərq hissəsində, cənub yamaclarında, şimal-şərq yamacalarında eroziya olduqca güclü yayılıb. Əgər torpağın strukturu pozulubsa, bərkimə gedibsə, qida maddələri zəifdirsə, orada eroziya güclü şəkildə gedəcək”.

İ. Quliyev qeyd edib ki, dünyada bir çox alim torpağı təkcə insanı ərzaqla təmin etmək mənbəyi kimi qiymətləndirmir: “Torpaq böyük bir sferadır. Torpaq qatı olmasa, torpaqda dərin, mürəkkəb relyef formaları yarana bilər. Bütün bu proseslərin qarşısını torpaq alır. Yaxud torpaq olmasa, məhv olan canlıların çürümə prosesi baş verməz. Həddən artıq çox xəstəlik yayıla bilər. Topaq planetar miqyasda ekolji tarazlığın saxlanmasında mühüm bir sferadır. Azərbaycanda, xüsusilə meşədən məhrum ərazilərdə, həddən artıq otarma ilə yüklənən ərazilər var. Son illərdə Azərbaycanın otlaq sahəsi heyvanların sayına cavab verə bilmir. Beynəlxalq aləmdə BMT-nin, FAO-nun təsnifatlarında da, Azərbaycanda da hər hektara bir-iki baş baş xırdabuynuz qoyunların otarılmasına icazə verilir. Çünki bir qoyun gün ərzində iki kilo ot yeyir. Bunu da ilə vuranda 700 kq-dan çox edir. Qışlaqlarda bu qədər yem ehtiyatı yoxdur. Nəticədə torpaqların fiziki xassələri korlanır. Yağıntı olanda həmin torpaqlar suyu filtirasiya edə bilmir. Sonda səth axınları və eroziya yaranır. Buna görə də birinci növbədə eroziyaya qarşı mübarizə tədbirlərinə əməl olunmalıdır”.

Mütəxəssis bildirib ki, torpaqlarımızda eroziyanın, səhralaşmanın qarşısını almaq üçün bir çox tədbirə onlara əməl olunmalıdır: “Mütərəqqi suvarma metodları, yamaclarda terrasların yaradılması, terraslara meşə zolaqlarının salınması mühüm şərtlərdən hesab olunur. Vaxtilə akademik Akademik Həsən Əliyevin rəhbərliyi ilə Qubaya doğru gedən yolda, Quba, Siyəzən, Şabran istiqamətində yaxşı meşə zolaqları salınıb, şam ağacları əkilib. Həmin ağacların effekti çox yüksəkdir, torpağı eroziyadan qoruyur, münbitliyini artırır. Torpaq elə bir sərvətdir ki, onu qorumaq, gələcək nəsillərə çatdırmaq ən vacib şərtlərdəndir. Azərbaycan torpağı az olan ölkələrdən hesab olunur. Adambaşına düşən əkin sahəsinə, örüş otaqlarının sahələrinə görə Azərbaycan dünyanın məhdud ərazili ölkələri sırasındaır. Ona görə də biz torpqadan daha düzgün istifadə etməyin yollarını öyrənməli, ən mütərəqqi metodlardan istifadə etməliyik”.  

Aygün