Nikahların sayının azalması ilə bağlı rəsmi açıqlama
Son illərin statistikası ölkədə nikahların sayının sürətlə azaldığını göstərir. Bu ilin yanvar-sentyabr aylarında ölkədə qeydə alınan nikah sayından məlum olur ki, proses davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 min 651 nikah, 15 min 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb.
Bəs nikahların sayının azalmasına hansı amillər təsir edir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov TNS-ə açıqlasında nikahların sayının azalmasının cəmiyyət üzvlərini, eləcə də aidiyyəti dövlət qurumlarını olduqca narahat etdiyini deyib.
Qurum rəsmisi bildirib ki, nikahların sayının azalması bir necə səbəblə bağlıdır: “Bu gün gənclər öz qarşısına yeni prioritetlər, yeni məqsədlər qoyurlar. Bu məqsədlər təhsil, karyera, özünüinkişaf və sosiallaşma ilə bağlıdır. Əgər əvvəllər gənclər təhsil alaraq valideynlərin tövsiyəsi ilə nikaha daxil olurdularsa, bu gün onlar daha çox müstəqil və heç kəsdən asılı olmayan həyat tərzinə üstünlük verirlər. Nəticədə ailə qurmaq məqsədi növbəti mərhələyə keçir. Yalnız bu məqsədlərə nail olandan sonra gənclər nikah barədə düşünməyə başlayırlar”.
R. Mahmudovun sözlərinə görə, sadalanan bu amillər orta nikah yaşının çoxalmasına səbəb olur və nəticə olaraq nikahların sayının azalmasına gətirir: “Bu tendensiya təkcə Azərbaycanda deyil, eyni zamanda, bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur”.
Aygün