Close

Buraxılış imtahanında yenilik - Yüksək bal toplayanların sayı azalacaq

2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı ilin sonunda açıqlanacaq.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini, ancaq 9-cu siniflərin buraxılış imtahanında yenilklərin olacağını deyib.

Belə ki, şagirdlərin oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. 1-2 cümlədən ibarət 3 kiçik mətnin hər biri üzrə bir qapalı suala cavab vermək tələb ediləcək. Bunlardan əlavə, bir qədər böyük mətn salınacaq ki, o da şagirdlərin oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamağı hədəfləyir.

Yeniliklərin mahiyyəti haqqında TNS-ə danışan təhsil məsələləri üzrə mütəxəssis Kamil Məmmədov nəzərdə tutulan yeniliyin buraxılış imtahanlarının nəticəsinə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: “11-ci siniflərin buraxılış imtahanında ötənilki model tətbiq olunacaq, heç bir dəyişklik olmayacaq. 9-cu siniflərdə isə yalnız xarici dil fənnindən modeldə dəyişklik ediləcək. Ana dili və riyaziyyat fəninndən modellər olduğu kimi qalacaq.

İmtahanda şagirdlərin yığa biləcəyi maksima bal yenə də 300 olacaq”.

9-cu sinifdə xarici dil fənnində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinə gəlincə, mütəxəssis bildirib ki, daha çox şagirdlərin oxuduqları mətni anlamaq istiqamətində biliklərini yoxlamaq prioritet kimi götürüləcək: “Eyni zamanda, şagirdlərin şəkil əsasında  esse yazmaq bacarığı yoxlanacaq. Şagirdlər ən az 35 sözdən ibarət esse yazmalıdırlar. Bu da onların ingilis dili üzrə bilik səviyyəsinin bir-birindən nə qədər fərqli olduğunu göstərəcək. Yəni, yeni yanaşma şagirdlərin ingilis dili biliyinin səviyyəsini bir-birindən tam şəkildə ayırmağa imkan verəcək. 

Biz şagirdlərə test verəndə aşağı, orta səviyyəli şagirdin biliyi onsuz da bəlli olur. Yeni modellə orta-yuxarı və yüksək səviyyəli ingilis dili biliyi olanları bir-birindən tam ayıra biləcəyik”.

K. Məmmədov bildirib ki, istər-istəməz 9-cu sinif şagirdləri arasında maksimal bal yığanların sayında azalma olacaq: “Yenilik 300 bal yığanların sayının azalmasına, istər-istəməz, təsir edəcək. Eyni zamanda, 250-dən yuxarı bal yığanların da sayında azalma olacaq. Amma ümumi baxanda elə bir ciddi fərq yoxdur.

 9-cu sinifdən şagirdlər kollecləri seçir, kolleclərə qəbul olurlar. Əlbəttə ki, yeni moddel kolleclərə 9 illik bazadan qəbul ballarında da müəyyən azalmalara səbəb ola bilər. Amma yenə də elə bir ciddi fərq olacağını düşünmürəm. Onsuz da 9-cu sinifdə yüksək bal yığan şagirdlər kolleclərə getmirlər, 10-11-ci siniflərdə təhsillərini davam etdirirlər”.

Aygün İbrahimli