COP29-da Qafqaz dağlarının dayanıqlılığı müzakirə edildi
COP29 çərçivəsində "Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar" mövzusunda tədbir keçirilib.
TNS xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova iştirak ediblər.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxışında ölkələrin və icmaların iqlim dəyişikliyinin cari və gələcək təsirlərinə cavab vermək üçün uyğunlaşma həlləri hazırlamalı və tədbirlər həyata keçirməli olduğunu deyib. Nazir müavini bildirib ki, uğurlu uyğunlaşma təkcə hökumətlərdən deyil, həm də maraqlı tərəflərin, o cümlədən yerli icmaların, milli, regional, çoxtərəfli və beynəlxalq təşkilatların, dövlət və özəl sektorların, vətəndaş cəmiyyətinin və digər müvafiq subyektlərin fəal və davamlı cəlb edilməsindən, eləcə də biliyin səmərəli idarə edilməsindən asılıdır.
BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görüldüyünü deyib.
Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi dağ ekosistemlərinin iqlim dəyişikliyindən ən çox zərər çəkən təbii ərazilər olduğunu vurğulayıb.
UNEP rəsmisi bildirib ki, ekosistem əsaslı yanaşmaları özündə birləşdirən milli adaptasiya planlarının hazırlanması bu risklərin azaldılmasında əsas rol oynaya bilər. Xüsusilə Qafqaz regionunda regional əməkdaşlığın əhəmiyyətini vurğulayan B. Pozzi qeyd edib ki, bu qlobal bir problemdir. “Dağ ekosistemlərinin zəifliklərini aradan qaldırmaq və davamlı icmalar yaratmaq üçün beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi həyati əhəmiyyət kəsb edir”, - deyə B. Pozzi əlavə edib.
Qırğızıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova çıxışında iqlim dəyişikliyinə qarşı mübarizədə milli adaptasiya planlarının və regional yanaşmaların əhəmiyyətini vurğulayıb. "Milli fəaliyyətlər təkbaşına dağlıq regionlarımızı qorumaq üçün kifayət deyil. Biz səylərimizi birləşdirməli, dialoq, mübadilə və əməkdaşlıq üzərində qurulan həll yolları tapmalıyıq”, - deyə o, qeyd edib. Dinara Kemelova həmçinin Qırğızıstanın su təhlükəsizliyi, fəlakət risklərinin azaldılması və dağ ekosistemlərinin qorunması istiqamətində milli adaptasiya planlarını inkişaf etdirdiyini də bildirib:
“Birlikdə hərəkət edərək, dağlarımızın dayanıqlılığını təmin edə, insan və təbiət üçün vacib olan resursların qorunmasına nail ola bilərik. Gələcək əməkdaşlıqlar üçün dialoqu davam etdirmək və birgə iqlim risklərinin həlli üçün təşəbbüsləri dəstəkləmək istiqamətində səylərimizi əsirgəməyəcəyik”.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank iqlim dəyişikliyinin regional təsirlərini azaltmaq üçün milli fəaliyyət planlarının icrasının mühüm əhəmiyyət daşıdığını bildirib.
“Azərbaycanın milli fəaliyyət planını həyata keçirməsi, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlılığı artırmaq baxımından çox vacib bir addımdır”, – deyə Varank qeyd edib.
Nazir müavini Aralıq dənizi hövzəsindəki iqlim problemlərindən də danışaraq bu məsələlərin qlobal əməkdaşlıq və birgə fəaliyyət tələb etdiyini vurğulayıb. O, iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin birgə səylərinin vacibliyini xüsusi qeyd edib.