Close

“Astara gömrüyündə 5-6 min sürücü növbə gözləyir” - AÇIQLAMA

Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir. 

TNS xəbər verir ki, bu barədə Meydan TV məlumat yayıb. 

Qeyd olunur ki, adının çəkilməsini istəməyən sürücünün bildirdiyinə görə, artıq on gündür ki, 5-6 minə yaxın yük maşını sürücüsü növbə gözləyir: “İrandan yükü vururuq, Astara Gömrük Məntəqəsində 14-15 gün növbə gözləməli oluruq. Bunun da səbəbi odur ki, Azərbaycanda gömrük işçiləri işləmirlər”.

Onun sözlərinə əsasən, şikayətlərinə əhəmiyyət verilmir: “Dəfələrlə şikayət etmişik, məlumat vermişik, xeyri yoxdur. Bir-iki gün yaxşı işləyirlər, üçüncü gün yenidən vəziyyət korlanır. Astara Gömrük Məntəqəsində öz bildiklərini edirlər. Normal işləsəydilər, biz də evimizə-eşiyimizə tez gedib çatardıq. Hələ də buradayıq, növbə gözləyən maşınların ucu-bucağı yoxdur. 2-3 min maşın növbədə gözləyir”.

Azərbaycan Dövlət Gömrük Komitəsin mətbuat katibi Natiq Axundov məsələyə münasibət bildirərkən deyib ki, sözügedən gömrük məntəqəsində Azərbaycan tərəfdən hər hansı problem yoxdur: “Astara gömrük polisi həmişəki kimi gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Azərbaycan tərəfində heç bir problem də yoxdur”.