Close

18:20
06 Dekabr 2024

Bakıda elektriklə işləyən avtobus yolda qaldı - Avtomobilin sürücüsü...

Ötən gün sosial şəbəkələrdə elektrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün vasitənin yolda qalması ilə bağlı görüntülər yayılıb. Sərnişinlərlə dolu avtobus yolda bir müddət hərəkətsiz qalıb.

“BakuBus” MMC-nin bununla bağlı yaydığı məlumatda hadisənin enerji bitməsi ilə əlaqəli olmadığı, sürücünün texniki səhvi nəticəsində yarandığı açıqlanıb.
Məlum olduğu kimi, Bakıya gətirilən 160 elektrik mühərrikli avtobuslar xəttə yeni buraxılıb.

Bu baxımdan yeni vasitələrin enerji təchizatının hansı formada həyata keçirildiyi, eləcə də sürücülərin seçiminin necə aparıldığı ilə bağlı suallar yaranıb.
Mövzu ilə bağlı TNS-in suallarını “BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Əsmər Əliyeva cavablandırıb.

O bildirib ki, elektrikli avtobusların istismarı üçün müasir standartlara cavab verən qaraj infrastrukturu yaradılıb: “Avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Həmin məkanda elektriklə çalışan avtobusların enerji ilə doldurulması üçün 60 ədəd şarj cihazı quraşdırılıb. Avtobuslar marşrut xəttindən qayıdıb, qaraja daxil olduqdan sonra 3 saat müddətində enerji ilə doldurulur. Bundan əlavə, sürətli şarjolma funksiyası da var. Bu zaman avtobusların doldurulma prosesi 1 saat 30 dəqiqə ərzində həyata keçirilir. Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə vasitə avtomatik olaraq xəttdən ayrılır və qaraja yönləndirilir. Bununla yanaşı, enerji səviyyəsi 50 fazidən aşağı düşdükdə, sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqlərində eneji doldurulması üçün təlimat verilir”.

Qurum rəsmisi əlavə edib ki, elektrikli avtobuslar tam enerji dolumundan sonra, hava şəraitindən asılı olaraq, 306 km-dək məsafə qət edə bilir: “Avtobusların enejisi gün ərzində qət etdiyi məsafəyə uyğun olaraq hesablanır və xəttə çıxarılır. Yəni avtobuslar tam dolduqdan sonra gün ərzində dövriyyə üçün nəzərdə tutulan məsafəni qət etmək imkanına malikdir”.

Sürücülərin seçilməsinə gəldikdə isə Ə.Əliyeva bildirib ki, elektrikli avtobusları idarə edən sürücülər Sürücü Təlim Mərkəzində tam təlim kursu keçiblər.

O qeyd edib ki, ötən gün texniki səhvə yol verən sürücü bu gündən etibarən, təkrar olaraq, elektrik mühərrikli avtobusların təlimi ilə bağlı Sürücü Təlim Mərkəzinə yönləndirilib.

Aygün