Close

Bu ərazilərdə sürüşmə təhlükəsi var - Təcili tədbirlər görülməsə...

Torpaq sürüşməsi təbii amillərlə yanaşı, eroziya, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Problem Azərbaycanda mövcuddur və sürüşməyə təkan verən yalnız təbii amillər deyil.

Aparılan tədqiqatların nəticəsinə görə, ümumi ərazisinin 65-70 faizinin sürüşmələrlə əhatə olunduğu ən gərgin geosistemi olan ərazilər daha təhlükəli hesab edilib. Bu ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonaları - Vəlvələçay, Girdimancay, Gilgilçay, Ataçay, Pirsaatçay və başqa çay hövzələridir.

Bakının Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəs, Qusar rayonunun Urva, Sudur, Elik, Quba rayonunun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndləri, Muğanlı-İsmayıllı avtomobil yolu, Quba-Xınalıq yolunun 29-cu kilometri, Şamaxı rayonunun Muğanlı, Çağan, Çiçi kəndləri, Bakının Xətai, Səbail, Sabunçu rayonları, Badamdar qəsəbəsi, Abşeron rayonunun Masazır qəsəbəsi, Ağsu və Şamaxı avtomobil yolu, İsmayıllı rayonunun Xankəndi kəndi, Bakı-Sumqayıt yolu sürüşməyə meyilli ərazilərdir.

Təhlillərə görə, son illərdəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrdə baş verib. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikayıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nəticəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyillidir. Sürüşmələr Qusar maili düzənliyinin daxilində geniş inkişaf edib. Böyük Qafqazda sürüşmələr, demək olar, bütün şaquli zolaqlarda formalaşır.

Bakıda isə əsasən Badamdar, Zığ şosesi, Masazır ərazilərində sürüşmə baş verir. Eyni zamanda, Bayıl yamacında da hər an sürüşmə baş verə bilər.  Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.

Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir.  Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.  Təqribi hesablamalara görə, ölkə ərazisinin ən azı 25-26 faizinin potensial sürüşmə təhlükəsi var. Azərbaycanda sürüşmə sahəsinə Şamaxının Muğanlı kəndi, Muğanlı-İsmayıllı şosesi,  Ağsu aşırımı, Lənkəran-Lerik yolu, Bakı-Rusiya yolunun Siyəzən, Şabran rayonu ərazisindən keçən hissəsi (Vəlvələ çaya kimi) daxildir. Göründüyü kimi, kifayət qədər böyük rəqəmlər və təhlükələr var.

Sürüşmə zonalarında hazırda aktivlik müşahidə olunmasa da, güclü yağışların təsirindən problem olan ərazilərdə təkrar aktivləşmə təhlükəsi hər zaman yarana bilər.

Mütəxəssislər bu fikirdədir ki, sürüşmə ərazilərində  aktivliyin olmaması arxayınçılıq yaratmamalı, təhlillər aparılmalı və tədbirlər görülməlidir.

Mövzu ilə bağlı TNS-ə danışan Milli  Ekoloji  Proqnozlaşdırma  Mərkəzinin rəhbəri, ekoloq  Telman  Zeynalov  bildirib ki, Şəki-Zaqatala dağlarında, Bakıda Teleqüllə Kompleksinin aşağı hissəsində sürüşmə təhlükəsi mövcuddur: “Hazırda ona görə sakitlikdir ki, çatlar olan ərazilər sürüşüb gedib, yəni qurtarıb. Yağışlar yağanda yeni çatlar yaranacaq və təkrar sürüşmə bir də o zaman başlayacaq. Sürüşmə olan ərazilərdə prosesi qabaqlamaq, qarşısını almaq üçün yaşıllıq salmaq vacibdir. Ağaclar əkilməlidir. Ağac kökləri birləşdiricidir, torpağı hərəkət etməyə qoymur. Heç kim heç bir iş görmür. Bu istiqamətdə tədbirlər görülsəydi, sürüşmənin qarşısnı çoxdan kəsmişdilər. Mənim yadımdadır ki, ölkə ərazisində ilk dəfə sürüşmələr olanda onun qarşısını alan akademik Həsən Əliyev olub. Quba-Xaçmaz zonasında hər yerdə yaşıllıq saldırdı, meşəllər yaradıldı və bu amil həmin ərazilərdə sürüşmənin qarşısını aldı”.

Telman Zeynalov bildirib ki, hazırda sürüşmə olan ərazilərdə aktivlik olmasa da, proses getmiş ərazilərə baxış keçirilməli, mövcud vəziyyət təhlil olunmalıdır: “Sürüşmə baş verdikdən sonra bu barədə məlumat verməyə ehtiyac qalmır. Onsuz da  media orqanları bu barədə təcili məlumat verirlər”.

Sürüşməyə təsir edən antropogen amillərə gəlincə, Telman Zeynalov deyib ki, hazırda kənd camaatına meşələri qırmaq üçün icazə verilməsə də, meşələri qıran qırır, heç “of” da demir: “170 min hektar torpaq deqradasiyaya məruz qalıb. Bu nə deməkdir? Yaşılllığı məhv ediblər, torpaqlar da yuyulub gedib. Deqradasiya da sürüşmənin bir hissəsidir”.

Aygün