Close

09:19
14 May 2024

"Ikarus"lar yenidən Bakıya gəlir - İctimai nəqliyyatda hansı yeniliklər olacaq?

Macarıstanın əfsanəvi “Ikarus” avtobusları tam yeni keyfiyyətdə Azərbaycana qayıdır. “Ikarus Group”un baş direktoru Roland Fexer bildirib ki, bu il ərzində Bakı şəhərinə elektrik mühərrikli ilk 50 “Ikarus” avtobusunun göndərilməsi razılaşdırılıb. Azərbaycana 8,5 və 12 metr uzunluğunda elektrobuslar gətiriləcək. Üç il sonra isə bu avtobusların ölkəmizdə yığılması üçün zavodun (ildə 600 ədəd) inşası nəzərdə tutulub.

Bu avtobusların ölkəyə gətirilməsi ictimai nəqliyyat sahəsindəki problemlərin aradan qaldırılmasına necə təsir edəcək?

TNS-in bu barədə suallarını cavablandıran nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu avtobusların Bakıya gətirilməsi ictimai nəqliyyatda yeni tənzimləmələrə səbəb olacaq: "Ona görə ki, "Ikarus" sırf avtobus sahəsində ixtisaslaşib. İstehsal etdiyi bu vasitələr həm keyfiyyətinə, həm də digər göstəricilərinə görə dünyada böyük nüfuz qazanıb. Bu avtobuslar ölkəmizdə də yaxşı tanınır. Onlar Bakıya gətirilər və istifadəyə verilərsə, insanlarımızda nostalji hisslərin oyanmasına səbəb olacaq. Ona görə ki, keçmiş SSRİ dövründə onlardan ölkəmizdə çox geniş istifadə edilirdi".

Hazırda paytaxtin ictimai nəqliyyat sahəsində bir çox xarici markalardan istifadə olunduğunu söyləyən ekspert avtomobillərin hamısının dizel və ya benzinlə işlədiyini qeyd edib: "Buna görə də şəhərin ekoloji tarazlığı tamamilə pozulub. Bu avtobuslardan çıxan tüstü və tullantılar təkcə ekologiyaya deyil, insanların sağlamlığına, eləcə də Bakının görünüşunə ciddi zərər vurur. Yeni nəsil nəqliyyat vasitələrinin, eləcə də elektrik mühərrikli avtobusların istifadəyə verilməsi qeyd olunan problemlərin həllinə gətiyib çıxaracaq. İlk mərhələdə 50 elektrobusun gətirilməsi ən azı 3 marşrut xəttinin yenilənməsi deməkdir".

Müsahibimizin sözlərinə görə, elektrobusların istifadəyə verilməsi paytaxtın ekoloji tarazlığının qorunmasına müəyyən qədər təsiri olacaq: "Bakı həm küləklər şəhəridir, həm də buxtada yerləşir. Belə bir coğrafi mövqe və relyef şəhərin təmiz hava ilə daim təmin olunmasına gətirib çıxarır".

Rövşən Ziya